Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sudan Suverenlik Şurasının sədri general Əbdülfettah Əbdürrəhman əl-Burhan və Sudan Suverenlik Şurasının sədr müavini, Sürətli Dəstək Qüvvələri komandanı Muhammed Hamdan Daqalo ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.
Editor.az Türkiyə mediasına istinadən xəbər verir ki telefon danışıqlarında Sudandakı son gərgin vəziyyət müzakirə edilib.
Prezident Ərdoğan Sudandakı hadisələri qardaşlıq hissləri ilə narahatlıqla izlədiklərini bildirib.
Türkiyənin Sudandakı keçid prosesini hər zaman səmimi şəkildə dəstəklədiklərini ifadə edən prezident Ərdoğan, son hadisələrin 2018-ci ildən bəri davam edən mübarizəni zədələdiyini və keçid dövrünün uğurlarını riskə atdığını bildirib.
Tərəfləri münaqişələrə, qardaş qanının tökülməsinə son qoymağa və dialoqa qayıtmağa dəvət edən prezident Ərdoğan Sudanı cəmiyyətin birliyini təmin etmək üçün lazımi addımları atmağa, təmas qapılarını bağlamamağa və problemləri ortaq şəkildə həll etməyə çağırıb.
Prezident Ərdoğan Türkiyənin bu prosesdə qardaş Sudan dövlətinin və xalqının yanında olmağa davam edəcəklərini, mümkün vasitəçilik təşəbbüslərinə ev sahibliyi etmək də daxil olmaqla hər cür dəstəyi verməyə hazır olduqlarını bildirib.
Ərdoğan mövcud şəraitdə Sudanda Türkiyə vətəndaşlarının və qurumlarının təhlükəsizliyinin qorunmasının vacibliyinə diqqət çəkərək, vətəndaşlarının Türkiyəyə qaytarılması prosesini icra etmək üçün Xartum Beynəlxalq Hava Limanından təhlükəsiz istifadənin təmin edilməsinin zəruri olduğunu deyib.
Qeyd edək ki, artıq bir müddətdir ki Sudanda qarşıdurmalar davam edir. Xartumdakı diplomatik mənbələrdən verilən məlumata görə, dünən azı 270 nəfər həyatını itirib, minlərlə insan yaralanıb, minlərlə dinc sakin isə şəhəri piyada tərk edib.
//Samir Qurbanov, Editor.az