Türkiyə və Özbəkistan mediası Şuşanın Gənclər Paytaxtı elan edilməsi təşəbbüsündən yazıbbackend

Türkiyə və Özbəkistan mediası Şuşanın Gənclər Paytaxtı elan edilməsi təşəbbüsündən yazıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğaldan azad edilən Şuşa şəhərinin 2021-ci il Türk Dünyası ölkələrinin Gənclər Paytaxtı elan edilməsi üçün başlanan Beynəlxalq Kampaniya türkdilli ölkələrinin mətbuatının diqqət mərkəzindədir. Türkiyənin HaberTürk, Haber7, Türkiyə qəzetləri, Özbəkistanın İnterfax, Vuz24, Orol24 informasiya portalları Şuşa şəhərinin Gənclər Paytaxtı elan edilməsi təşəbbüsündən yazıb.

Dərc edilən xəbərlərdə qeyd olunur ki, Azərbaycanın “İslahatçı Gənclər” İctimai Birliyi Şuşanın və onun timsalında Qarabağın tarixini, zəngin mədəni irsini və turizm potensialını bütün dünyaya tanıtmaq məqsədi ilə xarici ölkələrdəki tərəfdaş təşkilatlarla birlikdə 2021-ci ildə Şuşanın Türk Dünyası ölkələrinin Gənclər Paytaxtı elan edilməsi üçün beynəlxalq kampaniyaya start verib.

Birliyin sədri Fərid Şahbazlı bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 30 ildir ki, işğal altında olan torpaqlarımızı düşmən taptağından azad edib: “İşğaldan azad edilən torpaqlarımız arasında yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət beşiyi olan qədim Şuşa da var. 30 ildir ki, qədim mədəniyyət beşiyi Şuşanın torpağı, təbiəti kimi tarixi abidələri, mədəni irsi də işğal altında olub. Hazırda işğal edilmiş digər torpaqlarımız kimi, Şuşada da zəruri infrastrukturun, eyni zamanda tarixi və mədəni irsin bərpası üçün dövlətimiz tərəfindən mühüm addımlar atılmağa başlayıb”.

Birliyin sədri F.Şahbazlı xarici mətbuata bildirib ki, Şuşanın işğaldan azad edilməsindən sonra bütün dünyadan olan insanlar, xüsusi ilə də gənclər bu qədim şəhəri ziyarət etmək, onun tarixi irsi ilə tanış olmağa böyük maraq göstərir: Bu təşəbbüsə artıq Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikaları gənclərindən və digər türkdilli xalqların fəallarından böyük dəstək gəlməkdədir. Şuşanın Türk Dünyası ölkələrinin Gənclər Paytaxtı kampaniyası çərçivəsində Türk dünyasından olan gənclərin bu şəhərə səfərləri reallaşdırılacaq, Şuşanın tarixi və mədəni irsi, düşmənin qədim şəhərimizə qarşı törətdiyi vandallıqlarla bağlı konfranslar və müxtəlif tədbirlər keçiriləcəkdir”.