Yaxın Şərqdə geosiyasi balans dəyişir. Regionda sabitlik təşəbbüsləri gücləndikcə, bir vaxtlar əsas təhlükə ocaqlarından biri sayılan PKK-nın Suriya qolu da getdikcə mövqelərini itirir. ABŞ-ın vasitəçiliyi və “Tramp planı” çərçivəsində başlanan yeni diplomatik proseslər fonunda Türkiyənin tələbi ilə Suriya Demokratik Qüvvələri (SDQ) adlı silahlı birləşmənin tərksilah olunması istiqamətində ciddi addımlar atılır.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Editor.az-a vəziyyəti şərh edərək bildirib ki, Türkiyədə PKK-nın Suriya qolunun zərərsizləşdirilməsi ilə bağlı bir neçə variant müzakirə olunur:

“Bu variantlardan biri də ‘Suriya Demokratik Qüvvələri’ adlanan terrorçu qruplaşmanın Suriya Ordusuna inteqrasiyası məsələsidir. Hazırda bu proses davam edir. Sadəcə PKK-çılar prosesi uzatmağa çalışırlar və hələ də ümid edirlər ki, onlara beynəlxalq səviyyədə himayədarlıq edilə bilər. Amma artıq situasiya dəyişib”.
Ekspertin fikrincə, regionda sülh və sabitlik istiqamətində yeni mərhələ başlayıb və bu prosesdə ABŞ Prezidenti Donald Trampın təşəbbüsləri, xüsusilə də son Qəzza sammitində müzakirə olunan “Tramp planı” xüsusi rol oynayır:
“Bu, o deməkdir ki, ABŞ Yaxın Şərqdə sabitlik istəyir və Türkiyənin regional lider kimi fəaliyyətini açıq şəkildə dəstəkləyir. Rəsmi Ankara üçün əsas prioritet PKK-nın Suriya qolunun tamamilə sıradan çıxarılmasıdır. Türkiyənin milli təhlükəsizliyi bunu tələb edir”.
Politoloq xatırladıb ki, bir müddət əvvəl PKK/PYD Suriya Ordusuna inteqrasiya prosesindən imtina etmişdi. Buna baxmayaraq, Ankara bu məsələnin qısa zamanda həllini tələb edərək, əks halda hərbi əməliyyatların mümkünlüyü barədə xəbərdarlıq etmişdi.
“Görünür, proses indi intensiv mərhələyə keçib və artıq geridönməz xarakter daşıyır. Bu isə o deməkdir ki, Türkiyənin milli təhlükəsizlik maraqlarının təmin olunma ehtimalı kifayət qədər yüksəkdir,” – politoloq əlavə edib.
//Gülnarə Abasova, Editor.az

