Türkiyə İrəvanda xüsusi nümayəndə təyin edəcək: Azərbaycan da belə bir addım ata bilərmi?-AÇIQLAMAbackend

Türkiyə İrəvanda xüsusi nümayəndə təyin edəcək: Azərbaycan da belə bir addım ata bilərmi?-AÇIQLAMA  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Yerevanda xüsusi nümayəndə təyin edəcək. Dekabrın 13-də bu barədə açıqlama verən xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, xüsusi nümayəndənin təyin olunmasında məqsəd iki ölkə arasında birbaşa dialoqun təmin edilməsidir.

Bundan sonra Ermənistan Xarici İşlər Nazirliyi də açıqlama yayaraq bildirib ki, rəsmi Yerevanda Türkiyəylə münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndə təyin edəcək.

Siyasi analitik Turab Rzayev Editor.az-a açıqlamasında xüsusi nümayəndənin təyin olunmasını müsbət qiymətləndirib:

“Mən sülh bəyanatı elan edilən gündən qeyd etmişdim ki, Azərbaycan və Türkiyə Ermənistanla qeyri-şərtsiz bütün kommunikasiyaları açmalıdır. Çünki ancaq o halda real sülhdən və əməkdaşlıqdan danışmaq olar. Məhz bunu formalaşdırmaq üçün uyğun variant odur ki, Türkiyə və Azərbaycanla Ermənistan arasında əlaqələr normallaşdırılsın. Buna görə hər iki dövlətin Ermənistanla birbaşa əlaqəsinin olması vacibdir. Düşünürəm ki, Azərbaycan da yaxın vaxtlarda xüsusi bir nümayəndə təyin etməlidir. Bu şəkildə Azərbaycanla Ermənistan arasında problemlər həll edilə bilər. Bu günkü Brüssel görüşündə Azərbaycanla Ermənistan arasında artıq Zəngəzur koridoru boyunca dəmir yolunun çəkilməsinin elan edilməsi onu göstərir ki, biz birbaşa dialoq şəraitində Ermənistanla məhz digər sahələrdə də əməkdaşlıq edə bilərik. Hesab edirəm ki, bu, uğurlu addımdır. Bundan sonra da Türkiyə ilə Azərbaycan paralel şəkildə bu prosesi idarə etməlidir. Lakin vaxtından qabaq Ermənistana çox güzəştə getmək də olmaz. Çünki Ermənistana edilən hər güzəştin qarşılığı mütləq olmalıdır”.

//Gülnarə Abasova, Editor.az