Zəngəzur dəhlizi 2028-ci ildə istifadəyə veriləcək.
Editor.az bildirir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyinin rəhbəri Əbdülqadir Uraloğlu məlumat verib. O xatırladıb ki, Azərbaycan yolun öz ərazisindəki hissəsinin tikintisini demək olar ki, başa çatdırıb. “Uzunluğu
224 km olan Türkiyə hissəsinin tikintisinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır”, – nazir qeyd edib. Türkiyə rəsmisi xatırladıb ki, Zəngəzur dəhlizinin 43 km uzunluğunda olan hissəsi Ermənistanda yerləşir və İrəvan hazırda müvafiq tenderlərin planlaşdırılması və təşkili mərhələsindədir. Uraloğlu İran tərəfinin də yeni marşrutda maraqlı olduğunu bildirib.
“Biz layihəyə qoşulmağa kömək etməyə hazır olduğumuzu bildirərək İran tərəfi ilə danışıqları davam etdiririk”, – Nəqliyyat Nazirliyinin rəhbəri deyib. Yada salaq ki, bir müddət əvvəl Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniya mətbuatına müsahibəsində Ermənistanın hələ də Zəngilan rayonundan quruya çıxışını təmin etməyə borclu olduğunu vurğulamışdı.
O, Bakı ilə Tehran arasında İran ərazisindən keçən Zəngəzur dəhlizinin tikintisinə dair razılaşmanın İrəvanı öhdəliklərindən qətiyyən azad etmədiyinə diqqət çəkmişdi.
//Samir Qurbnov, Editor.az

