Türkiyədə terror fəaliyyətində iştirak etdiyi güman edilən 216 nəfər saxlanılıb.
Editor.az bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib. Türkiyə təhlükəsizlik qüvvələri genişmiqyaslı əməliyyat keçirib və nəticədə PKK ilə əlaqəli ola biləcək 216 nəfər saxlanılıb. Potensial terrorçular bütün ölkə üzrə yaxalanıb: ölkənin ən böyük şəhərləri də daxil olmaqla 45 əyalətdə həbslər aparılıb.
Bildirilir ki, saxlanılan şəxslər terror təşkilatının maliyyələşdirilməsində və ya orada iştirakda şübhəli bilinirlər.
Xatırladaq ki, ötən həftə Ankarada Türkiyənin TUSAŞ aerokosmik korporasiyasının binasına terror hücumu olmuşdu. 5 nəfər həlak olub, 22 nəfər yaralanmışdı.
Hücuma görə məsuliyyəti Türkiyədə qadağan olunmuş terror təşkilatı kimi tanınan Kürdüstan Fəhlə Partiyası (PKK) öz üzərinə götürüb.
//Samir Qurbanov, Editor.az