Türkiyədə seçki qovğası: Ərdoğan qalib gələcək, çünki…- Səbəblərbackend

Türkiyədə seçki qovğası: Ərdoğan qalib gələcək, çünki…- Səbəblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə mayın 14-də keçirilmiş prezident seçkilərinin ilk turu nəticəsiz oldu. Belə ki, prezidentliyə namizədlərdən heç biri lazımi nəticəni əldə edə, 50 faiz səsi keçə bilməyib. İlk turda Türkiyənin hazırkı prezidenti, hakim AK Parti(Ədalət və İnkişaf Partiyası) sədri Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri, CHP sədri ( Cümhuriyyət Xalq Partisi) Kamal Kılıçdaroğlu isə 44,88 faiz səs toplayıb. “Ata” siyasi blokunun təmsilçisi Sinan Oğan 5,17% səs yığıb. Beləliklə, Türkiyə tarixində ilk yaşandı- seçkilərin nəticəsi ikinci tura qaldı.

İlk tur gərgin keçdi. Bu, seçkilərin obyektiv və demokratik mühitdə təşkil olunmasının təzahürüdür. Hər iki tərəfin seçki kampaniyası kifayət qədər uğurlu oldu. İndi həm Ərdoğan, həm də Kılıçdaroğlu səylə ikinci tura hazırlaşır.
İkinci turun nəticələrini müəyyənləşdirəcək bir neçə əsas məqam var. Bunlardan birincisi Ərdoğanın sədri olduğu AK partinin (Ədalət və İnkişaf Partiyasının) parlamentdə əldə etdiyi üstünlükdür. Seçicilər mütləq bu faktı nəzərə almalıdırlar. Fikrimcə, əvvəlki turda Kılıçdaroğluna səs verən xeyli adam bu dəfə qərarını dəyişə bilər. Çünki xalq başa düşür ki, Kılıçdaroğlu qalib gəlsə, qanunverici orqanla icraedici orqan arasında ziddiyət yaranacaq. Bu isə ölkə üçün yaxşı nəsə vəd etmir. Dediyimiz kimi, məsələyə soyuqqanlı və realist yanaşanlar bu amili nəzərə almalıdırlar.

İkincisi, “Ata” siyasi blokunun təmsilçisi Sinan Oğan indi “açar” fiqurdur. Seçkilərin nəticəsi xeyli dərəcədə məhz onun atacağı addımdan, tərəfdarlarını hansı namizədə səs verməyə çağıracağından asılıdır. Proseslər göstərir ki, S. Oğanın istədiyi də elə bu idi. Şübhəsiz ki, o, təmannasız tərəf tutmayacaq. Böyük ehtimalla S. Oğan hər iki siyasi liderlə danışıqlar aparacaq. Onun həm “Cümhur” İttifaqı, həm də “Millət” İttifaqı qarşısında müəyyən tələblər qoyması, o cümlədən vəzifə istəməsi mümkündür. İstisna deyil ki, prezident seçkiləri başa çatdıqdan sonra S. Oğana vəzifə veriləcək. Onun yaradılacaq Nazirlər Kabinetində yer tutması da gözləniləndir.

S. Oğanın tezislərindən belə məlum olur ki, “Ata” siyasi blokunun mövqeyi “Cumhur” İttifaqının mövqeyi ilə üst-üstə düşür. Xüsusilə terrorizmlə mübarizə mövzusundakı fikirlər belə qənaətə gəlməyə şərait yaradır. Bu da o deməkdir ki, “Ata” blokunun Ərdoğanı dəstəkləməsi daha inandırıcıdır. Amma, əlbəttə, əvvəlcə danışıqlar olmalıdır.

Üçüncüsü, S. Oğan Azərbaycan əsillidir. Yəqin ki, onun Ərdoğanı dəstəkləməsi daha inandırıcıdır. Çünki Azərbaycanla Türkiyə arasındakı əlaqələr məhz onun dövründə müttəfiqlik səviyyəsinə qalxdı. S. Oğanın Türk yolunun Azərbaycandan yox, İrandan keçəcəyini bəyan edən siyasətçini dəstəkləyəcəyi ağlabatan deyil. Dördüncüsü, ilk turun nəticəsinə görə Ərdoğan daha çox səs toplamışdı. Onun qalib gəlməsinə mane olan sadəcə texniki məqamlar idi. Bu da onu deməyə əsas verir ki, ikinci turda da hazırkı dövlət başçısına səs verənlərin sayı daha çox olacaq.
Başqa bir məsələ ondan ibarətdir ki, Türkiyədəki seçkilərlə, az qala, bütün dünya maraqlanır. Çünki seçkilərin nəticəsinin regional və qlobal təsirləri olacaq.

Təsadüfi deyil ki, bir sıra Qərb dövlətləri, xüsusilə ABŞ Kılıçdaroğlunun, Rusiya isə Ərdoğanın qalib gəlməsində maraqlıdır. Çünki Ərdoğan Qərbin diktəsi ilə oturub – durmur, balanslaşdırıcı və vasitəçi olmağı bacarır. Əlbəttə, Türkiyədəki prezident seçkilərinin nəticəsi Cənubi Qafqaza da birbaşa təsir edəcək.

Yuxarıdakı tezislərə əsaslanaraq deyə bilərik ki, Ərdoğan ikinci turda qələbə qazanacaq. Yeri gəlmişkən, ayın 28- dək Türkiyədə çaxnaşma və xaos, o cümlədən terror aktı olması mümkündür. Düşünürəm ki, hansı siyasi liderin qalib gəlməsindən asılı olmayaraq demokratiya zəfər çalacaq.

//Editor.az Analitik Mərkəzi