Türkiyədə seçki yarışı: Qardaş ölkədə seçkilərin nəticəsi Azərbaycana nə vəd edir?-TƏHLİLbackend

Türkiyədə seçki yarışı: Qardaş ölkədə seçkilərin nəticəsi Azərbaycana nə vəd edir?-TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 6-da Türkiyədə baş verən və 48 min insanın ölümü ilə nəticələnən dəhşətli zəlzələdən sonra bir çoxlarını düşündürən əsas məsələ qardaş ölkədə keçirilməsi nəzərdə tutulan parlament və prezident seçkilərinin nəticəsi oldu. Çünki “son yüz ildə Avropanın ən böyük fəlakəti” kimi səciyyələndirilən bu hadisə həm hakim AK Partinin, həm də müxalifətin planlarına əsaslı təsir göstərdi. Mayda keçirilməsi planlaşdırılan seçkilərin vaxtının təxirə salınması iddia edilirdi. Bununla bağlı iqtidara xəbərdarlıq edən “Altılı masa” (müxalif Cümhuriyyət Xalq, Səadət, Demokrat, DEVA, Gələcək və İYİ partiyaları) bildirdi ki, seçkilərin təxirə salınması demokratiyanın pozulması olur.

Gözlənilməz zəlzələ müxalifətin seçkilərlə bağlı ümidlərini artırdı. Çünki xalqın yaraları təzə idi. Prezident Rəcəb Tayyib Ərdoğanın rəqibləri düşünürdülər ki, insanlar hakimiyyətdən üz döndərəcəklər. Seçkilərin tarixi təxirə salınsa idi, müxalifət bundan mövcud hakimiyyət əleyhinə istifadə edəcəkdi. Üstəlik, xalqın iqtidara inamı azala bilərdi. Bunu nəzərə alan Ərdoğan seçkilərin əvvəlcədən təyin edilmiş vaxtda- mayın 14-də keçirilməsinə dair qərarı imzaladı.

Türkiyə lideri xalqa müraciətində bildirdi ki, seçkilərin vaxtının uzadılması daxildə siyasi böhran yarada bilərdi. Doğrudan da, belədir. Çünki seçkilər təxirə salınardısa, müxalifət bundan manipulyasiya aləti kimi istifadə edəcəkdi. Hazırda hakimiyyətə ən çox lazım olan seçki prosesinin ən qısa müddətdə həll olunması və bundan sonra bütün diqqətin zəlzələnin təsirlərinin aradan qaldırılmasına, həmçinin yenidənqurma işlərinə yönəlməsidir. İndiki halda hakimiyyət iki cəbhədə vuruşmalı olur- həm seçkilərə hazırlaşır, həm də zəlzələnin fəsadlarının aradan qaldırılmasına çalışır.

Seçkilərin vaxtının təxirə salınmaması əslində riskli qərar idi. Amma hakimiyət buna getdi. İqtidarın bu addımının müxalifət düşərgəsində çaşqınlıq yaratdığı istisna deyil. Bəlkə də,”Altılı masa” bunu gözləmirdi. Təsadüfi deyil ki, seçkilərin vaxtı dəqiqləşəndən cəmi bir neçə gün sonra, martın 3-də xanım siyasətçi Meral Akşener sədri olduğu “İYİ” Partinin “Altılı masa”dan çıxdığını bildirdi. O, müxalifətin vahid namizəd irəli sürülməsində razılığa gələ bilmədiyini söylədi: “Biz CHP lideri Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləməyə məcbur edilmişik. Biz bununla razılaşmırıq. Ona görə də “Altılı masa”nı tərk edirik”.

Beləliklə, koalisiya dağıldı. Bir neçə gün sonra, daha dəqiq desək, martın 6-da Akşener “Altılı masa” ya qayıtdıqlarını bildirdi. Elə həmin gün müxalifət vahid namizədlərinin adını açıqladı: CHP lideri Kamal Kılıçdaroğlu Ərdoğanın rəqibi kimi irəli sürüldü.

Adətən siyasətdə təsadüf olmur. Bu mənada Kılıçdaroğlu ilə Akşener arasında gizli razılaşmanın olması mümkündür. Hətta istisna deyil ki, “Altılı masa” üzvləri “bağlı qapılar arxasında” hansısa konfendensial qərar qbul ediblər. Hər halda “Altılı masa” daxilində ciddi ziddiyətlərin olduğu şübhəsizdir.
Kılıçdaroğlu ana müxalifət lideridir. Siyasatdə az-çox təcrübəsi var. Tərəfdarları da az deyil. Amma Kılıçdaroğlunda siyasi karizma və liderlik qabiliyyəti yoxdur. O, Ərdoğandan fərqli olaraq ictimai şüurla işləyə, “xalqın nəbzini tuta bilmir”.

Müxalifət düşərgəsində Ərdoğanın daha real rəqibləri var. Üstəgəl, nəzərə almaq lazımdır ki, Ərdoğanın çıxışlarında ən çox hədəf aldığı siyasətçi Kılıçdaoğludur. Elə isə niyə məhz CHP lideri vahid namizəd kimi irəli sürüldü?..Doğrudanmı, müxalifət yanlış hesablamalar edib və siyasi riskləri nəzərə almayıb?

Zəlzələnin Türkiyə hakimiyyəti üçün gözlənilməz və arzuolunmaz olduğu sözsüzdür. Etiraf etmək lazımdır ki, bu hadisə iqtidarın reputasiyasına da mənfi təsir göstərə bilər. Lakin Ərdoğan əsl siyasi liderlik nümayiş etdirdi. O, xalqının yanında olmaqla, zəlzələ bölgələrinə intensiv səfərlərlə, binaların tikilməsində səhlənkarlığa yol verənləri cəzalandırmaqla böhranı fürsətə çevirməyə bacardı.

Zəlzələ və bunun kimi təbii fəlakətlərin baş verməsi hakimiyyətlərdən asılı olan məsələ deyil. Kimsə faciədən sığortalanmayıb. Fəlakətlərin nəticələrinin aradan qaldırılması isə məhz siyasi iradə tələb edir. Xalq gördü ki, AK parti və Ərdoğan bunu bacarır. Bu mənada zəlzələnin mövcud iqtidarın nüfuzuna ciddi təsir edəcəyini düşünmək yanlış olar.

AK parti hakimiyyətdə olduğu ötən 20 il ərzində dəfələrlə oxşar sınaqlar qarşısında qalıb. Amma iqtidar həmin çətinliklərin öhdəsindən gəlib. Bu isə xalqın hakimiyyətə inamını hər ötən il daha da artrıb. AK partinin xarici siyasət kursu Ərdoğan və onun komandasına həm daxildə, həm də beynəlxalq aləmdə daha çox nüfuz qazandırıb.

Belə ki, rəsmi Ankaranın İrəvan, Təl-Əviv və Qahirə ilə münasibətləri normallaşdırmaq cəhdləri, Rusiya- Ukrayna müharibəsindəki uğurlu vasitəçiliyi, Şərqi Avropada sülhün təmin olunması üçün bir sıra nəticələrə nail olması, o cümlədən qida böhranının qarşısını alan “Taxıl sazişi”nin imzalanması, Ukrayna ilə Rusiya arasında əsir mübadiləsinin həyata keçirilməsi, Zaporojye Atom Elektrik Stansiyasının (AES) təhlükəsizliyinin təmin olunması AK partiyə olan etimadı artırdı.

Məhz yuxarıdakı məqamları nəzərə alsaq, deməliyik ki, parlament seçkilərində AK partinin qalib gələcəyinə dair şübhə yoxdur.

Prezident seçkilərində Ərdoğana ən çox mane olan məqam səhhəti ola bilər. Amma dediyimiz kimi, Kılıçdaroğlu ona uyğun rəqib deyil. Odur ki, Ərdoğanın da seçkilərdə qalib gələcəyinə inana bilərik.
Seçkilərin nəticəsindən asılı olaraq Türkiyənin xarici siyasət kursunda dəyişikliklərin olacağı gözləniləndir. Bu, təbiidir. Xüsusilə Rusiya və ABŞ-la münasibətlərdə “redaktələr” həyata keçirilə bilər.

Bizi ən çox maraqlandıran, əlbəttə, Ankaranın Cənubi Qafqaz siyasəti, xüsusilə Bakı ilə münasibətlərin perspektividir. Hazırkı müxalifətdən biri hakimiyyətə gələrsə, Azərbaycanla münasibətlərdə müəyyən dəyişikliklərin olacağı mümkündür. Ancaq bu, həlledici səviyyədə olmayacaq. Çünki Azərbaycan- Türkiyə münasibətləri təkcə siyasi müstəvidə deyil. Bizi birləşdirən həm də xalqların bir-birinə olan sevgisidir.

Bir çoxu düşünür ki, AK parti hakimiyyətdən gedərsə, Türkiyə- Azərbaycan münasibətlərində geriləmə ola bilər. Onlar buna misal kimi Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəlin hakimiyyət dövrünü xatırladırlar. Doğrudur, Dəmirəlin hakimiyyətdə olduğu 1993-2000-ci illərdə Azərbaycanla münasibətlər indiki kimi deyildi. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan o vaxt təzə müstəqilliik əldə etmişdi. Biz xarici siyasət kursumuzu yenicə müəyyənləşdirməyə başlamışdıq. Həmin vaxtdan bu günə kimi 20 il keçib. Və bu müddət ərzində xalqlar bir-birinə yaxınlaşıb, doğmalaşıb. Biz dəfələrlə ortaq sınaqlardan çıxmışıq.
Deməli, Türkiyə ilə Azərbaycanı bir-birinə bağlayan hakimiyyətlər yox, xalqlardır. Bu isə o deməkdir ki, əhali Azərbaycanı istəməyən siyasi elitanı iqtidarda saxlamaz. Yəni Türkiyədə hakimiyyətdə kimin, hansı partiyanın olmasından asılı olmayaraq iki qardaş ölkənin münasibətlərinin indiki kimi- ən yüksək səviyyədə qalacağına ümid etmək olar.

Buna baxmayaraq, onu da deməliyik ki, siyasətçilər adətən risklərin minimum olmasına çalışırlar. Azərbaycan Prezidenti İlham Əliyev və həmkarı Ərdoğan bu məqamı nəzərə almamış deyil. Yəqin ki, seçkilərə kimi Cənubi Qafqazda müəyyən ciddi hadisələrin şahidi olacağıq. Mayın 14-dək Zəngəzur dəhlizinin açılması da utopiya deyil.

Beləliklə, təkcə Türkiyənin deyil, regionun və bəlkə də, dünyanın taleyinə təsir edəcək günə 2 ay qalıb. Bu müddət ərzində Ərdoğan və onun komandası seçki kampaniyasını uğurla davam etdirməyə çalışacaq.

//Kənan Novruzov, Editor.az