Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın qurudan hücum əməliyyatı ilə bağlı açıqlamasına sərt reaksiya verib. Nazir Türkiyənin qarşısını almaq cəhdlərinin olduğunu bildirib və bu əməliyyata kölgə salınmasının yolverilməz olduğunu deyib.
Xarici işlər naziri Buxarestdə keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısında ABŞ-ın ünvanına sərt ittihamlar səsləndirib: “ABŞ və bəzi müttəfiqlərin Suriyadakı terror təşkilatlarına dəstəyi göz qabağındadır. Onlara Türkiyədə baş verən terror hadisələrini danışdım və bunun ABŞ-ın dəstəyi ilə baş verdiyini söylədim. Mən izah etdim ki, biz terrorçuları dəstəkləyən bəyanatlar istəmirik”.
Çavuşoğlu qeyd edib ki, Türkiyə həm Suriyada, həm də İraqda terrora qarşı mübarizəni davam etdirəcək: “Türkiyə buna qadir dövlətdir.
Başda ABŞ olmaqla bəzi müttəfiqlərin Suriyadakı terror təşkilatlarına verdiyi dəstək göz qabağındadır. Biz deyirik ki, bu dəstəyə son qoyulmalıdır”.
//Samir Qurbanov, Editor.az

