Türkiyə Yunanıstanın Egeydəki ərazi sularının Afinada elan etdiyi 12 mil deyil, 1 mil belə genişlənməsinə icazə verməyəcək.
Editor.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə axşamı Ankarada ilin yekunlarına dair mətbuat konfransında deyib. O xatırladıb ki, Türkiyə parlamenti hələ 1995-ci ildə bu məsələ ilə bağlı dəqiq qərar qəbul edib və bu gün də qüvvədədir. “Yunanıstanı xəbərdar edirik: öz başınızda macəra axtarmayın. Nəticələri Yunanıstan tərəfi üçün çox fəlakətli ola bilər.
Türkiyə həm Egeydə, həm də Aralıq dənizində öz maraqlarını müdafiə etməyə davam edəcək”, – nazir vurğulayıb. Qeyd edək ki, Türkiyə parlamenti 1995-ci ildə Yunanıstanın Egey dənizində mövcud sərhədləri genişləndirməsini “kazus belli” kimi qiymətləndirməyə qərar verib. Qonşu ölkələr NATO müttəfiqləri olsalar da, onilliklər ərzində dəniz sərhədləri, qitə şelfinə qarşılıqlı iddialar və uzun müddətdir davam edən Kipr mübahisəsi də daxil olmaqla, bir sıra ikitərəfli mübahisələrə görə fikir ayrılığı yaşayırlar.
//Samir Qurbanov, Editor.az

