Türkiyənin “Baltic Air Policing” missiyasında iştirakı NATO-nun şərq cinahında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilə bilər. Bu iştirak həm Türkiyənin alyans daxilində hərbi-siyasi çəkisini, həm də Ankara ilə NATO arasındakı münasibətlərin gələcək istiqamətini bir daha gündəmə gətirir. Eyni zamanda, Baltik regionunda təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsi Avropada geosiyasi qarşıdurmaların dərinləşdiyi bir vaxtda regional sabitlik məsələsini daha da aktuallaşdırır. Azərbaycan baxımından isə Türkiyənin NATO çərçivəsində artan fəallığı, Ankaranın hərbi və siyasi imkanlarının genişlənməsi və onun Avroatlantik təhlükəsizlik sistemindəki rolunun güclənməsi diqqət çəkən məqamlardandır.
Politoloq Tofiq Abbasov Editor.az-a açıqlamasında bildirib ki, NATO-nun mərkəzi aparatı, başda Baş Qərargah olmaqla, çox gözəl başa düşür ki, NATO hazırda tənəzzül dövrünü yaşayır və bununla yanaşı, alyans daxilində böhran şəraiti də formalaşıb:
“Çünki faktiki olaraq, birincisi, müdafiə alyansı olaraq hələ də öz missiyasını, necə deyim, düzgün anlamır. Yəni biz gördük ki, İraqda, keçmiş Yuqoslaviyada, Serbiyada və s. həyata keçirilən əməliyyatların hamısında NATO-nun adı hallanırdı. Amma NATO orada, demək olar ki, təcavüz proqramlarına qoşulurdu və bu, yol verilməz bir davranış idi. Çünki indi nə olsun ki, Amerika Birləşmiş Ştatlarının təkidi və əmri ilə BMT-nin oradakı qətnamələri artıq tələm-tələsik hazırlanmışdı və onu özlərinə əsas götürürdülər. Amma əslində NATO hücum yox, müdafiə alyansıdır.
Və indiki halda da biz görürük ki, Ukraynanın imkanları, Ukraynanın bacarığı və silah-sursatının arxasında artıq NATO ölkələrinin qulaqları hardasa görünür, onların konturları, siluetləri görünür. Və bu sirr deyil ki, Ukrayna zəminində, Ukrayna ərazisində Rusiya Federasiyası ilə Qərbin, xüsusilə də NATO-nun qarşıdurması baş alıb. Yəni 50-dən artıq ölkə bu prosesə qatılıbsa, deməli, bu artıq, demək olar ki, yeni dünya müharibəsinin bir, belə deyək, yeni variantını gündəmə gətirib.
Ona görə də indi Donald Tramp Ankarada keçirilən NATO sammitinə gəldikdən sonra onlar çalışırlar ki, Türkiyənin hesabına bir qədər canlanma yaratsınlar. Sonra burada belə bir şərait formalaşdırsınlar ki, xeyr, NATO ölməyib, onun tənəzzülündən söhbət gedə bilməz, xüsusilə də parçalanmasından söhbət gedə bilməz. Çünki faktiki olaraq Donald Tramp yeni bir, mən deyərdim, bəd nəfəs, yəni ağır bir nəfəs gətirdi NATO-nun orqanizminə. Dedi ki, mən ümumiyyətlə yaxamı çəkirəm qırağa, silah verərəm sizə, amma bir şərtlə ki, pulla alacaqsınız və nəhayət, mən hətta NATO-nu tərk edə bilərəm”.
Onun sözlərinə görə, Donald Trampın bu voluntarist gedişləri diqqət çəkir:
“Çünki NATO-nu axı Tramp yaratmayıb, onun təmsil etdiyi ölkə yaradıb — İkinci Dünya müharibəsindən sonra, 1949-cu ildə. Və Tramp elə bir ixtiyar sahibi deyil ki, NATO-nu parçalasın, dağıtsın, ya da buraxsın. NATO-nun arxasında Amerika Birləşmiş Ştatlarının establishment-i durur və o, çox güclü bir aparattır. Heç bir vəchlə də NATO-nun meydandan çıxmasına, sıradan çıxmasına icazə verməyəcək. Yəni müvəqqəti olaraq bunlar problemlərdir.
Amma indiki halda artıq belə deyək ki, Türkiyəyə bir qədər diqqət yetirdilər, Rəcəb Tayyib Ərdoğanı dağ başına qoydular və s. İndi çalışırlar ki, bax, bu dalğanın üzərində Türkiyədən, yəni onun iştirakından yararlansınlar. İndi təbii, mənə elə gəlir ki, Türkiyə də çox dərinə getməli deyil burada. Çünki faktiki olaraq, hətta bir neçə il bundan qabaq Türkiyə ilə münasibətlər gərginləşəndə dedilər ki, biz sizi NATO sıralarından çıxara bilərik. Rasmussen idi, səhv etmirəmsə, NATO-nun baş katibi, bax, onun dilindən çıxmış bir söz, fikir idi. Və onlar daim, mən deyərdim ki, Türkiyəni təhrik edirlər. Görürsünüz, Avropa İttifaqına buraxmırlar, amma NATO-da Türkiyəni yükləməyə həmişə hazırdırlar.
Ola bilsin, indi Türkiyə ordusunun, qoşununun çox böyük səriştəsi və bacarığı var, sonra döyüş qabiliyyəti hamısından üstündür və çalışacaqlar hətta bu şimal bölgəsində, Baltikyanı ərazilərdə ondan istifadə etsinlər, bir qədər özlərinin bacarıqlarını artırsınlar. Amma mən elə düşünmürəm ki, Rəcəb Tayyib Ərdoğan indiki şəraitdə, belə deyək, canla-başla yaxasını da açsın, bütövlüklə desin ki, mən sizə qurban, gəlin məndən istifadə edin. Xeyr, indi o dünya deyil. Bəli, NATO-nun üzvüyəm, amma necə deyərlər, qədərində. Mən düşünürəm ki, indi faktiki olaraq bu, bir taktik gedişdir. Taktik gedişdir, strateji gediş mən bunu saya bilmərəm və ondan çalışacaqlar NATO-nun rəhbər orqanları istifadə etsinlər, bacarsınlar ki, NATO-ya yeni bir nəfəs versinlər”.
//Gülnarə Abasova, Editor.az

