“Türkiyə tərəfindən “Azov” komandirlərinin Ukraynaya qaytarılması razılaşmanın pozulması kimi dəyərləndirilsə də nəticə etibarı ilə ciddi gərginliyə səbəb olmayacaq”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Natiq Miri bildirib.

Onun sözlərinə görə, anlaşmaları pozmaq Rusiyanın həmləsidir: “Bundan əvvəl Türkiyə Suriyanın şimalında 4 dəfə hərbi əməliyyatlar həyata keçirib. Bu əməliyyatların dayandırılması üçün müəyyən anlaşmalar olub. Əvvəlcə ABŞ, sonra isə Rusiya ilə Soçi anlaşması olub. Həmin prosesə əsasən Rusiya PKK-nın Suriya qolu olan PYD/YPG terrorçularını tamamilə çıxartmaq öhdəliyini götürüb. Lakin bu günə qədər həmin öhdəlik yerinə yetirilməyib. Ona görə də hansısa öhdəliyin yerinə yetilməməsi, pozulmasından söhbət düşəndə əvvəlcə Rusiya özünə baxmalıdır”.
Politoloq Türkiyənin bu addımının da müəyyən səbəbləri olduğuna diqqət çəkib:
“Rusiyanın Ukraynadakı casus şəbəkəsinin başçısı olan, milyardlarla vəsaiti mənimsəyərək “rus cənnəti” yaratmaq istəyən Medvedçukun əvəzində bu dəyişikliyə razılıq verilib. Medvedçuk kimi vacib, siyasi fiqur Rusiyaya qaytarılıb. Ancaq rəsmi Moskva “Azov” komandirlərinin qaytarılmasını müəyyən şərtlərə bağlayıb və müharibənin bitməsinə qədər Türkiyədə qalmasını tələb edib. Bu da ədalətli deyil. Bu gün Rusiyada belə bir fikir səsləndirilir ki, guya rəsmi Moskva “Azov” batalyonunu terror təşkilatı kimi tanıyıb. Bəs, terrorçu kimi tanınanları niyə Ukraynaya qaytarırlar? Çünki adətən terrorçular göndərilmir, cəzalandırılır. Deməli burada başqa bir anlaşmadan söhbət gedir. Son günlərdə Rusiya ard-arda bəyan edir ki, taxıl sövdələşdirilməsi dayandırılacaq. Bu, Türkiyə-Rusiya razılaşmasını pozmaqdır. Görünən odur ki, öhdəliyi pozan tərəf elə Rusiyadır. Türkiyənin də cavabı gecikmədi. Getdikcə zəifləyən Rusiya kontekstində Türkiyənin bu addımını normal qiymətləndirirəm. Rusiyanın sülhə böyük ehtiyacı var. Öz ehtiyat fondunu sürətlə bitirəcək addımlar atır. Bu da müharibənin davam etməsi ilə rəsmi Moskva üçün faciəvi nəticələrə gətirib çıxardacaq”.
//Safura Bənnayeva, Editor.az

