“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qalib gəlməsi yalnız ABŞ və Qərbdə məyusluq doğurub. Dünyanın digər əksər dövlətləri isə Türkiyə liderinin növbəti siyasi zəfərindən məmnundur”.
Bu fikirləri Editor.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, prezident Rəcəb Tayyib Ərdoğanın seçki qələbəsində maraqlı olan ölkələr arasında Rusiya ilk sıralarda yer alırdı:
“Çünki Türkiyə ABŞ və Qərbin təzyiqlərinə tab gətirərək, Rusiyaya qarşı sanksiyalara qoşulmayan önəmli beynəlxalq gücdür. Üstəlik, Rusiya və Türkiyə arasında iqtisadi-ticari tərəfdaşlıq da intensiv şəkildə inkişaf edir. Bu baxımdan, prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdə qalması Rusiya üçün böyük əhəmiyyət daşıyırdı. Digər tərəfdən, rəsmi Ankara İsveçin NATO-ya üzvlük prosesini də bloklayır. Türkiyə İsveçdən terrorizmə qarşı mübarizə istiqamətində konkret və təxirəsalınmaz addımların atılmasını tələb edir. Əgər, prezident Rəcəb Tayyib Ərdoğanın siyasi rəqibi Kamal Kılıcdaroğlu seçkilərdə qalib gəlsəydi, rəsmi Ankara öz tələblərindən geri çəkiləcəkdi. Yəni, İsveç NATO-ya qısa müddətdə üzv olacaqdı. Eyni zamanda, müxalif prezidentliyə namizəd hakimiyyətə gələcəyi təqdirdə, Rusiyaya qarşı sərt siyasət yürüdəcəyini, Türkiyənin beynəlxalq sanksiyalara qoşulacağını da əvvəlcədən bəyan etmişdi. Və bütün bunlar Rusiyaya əlavələr problemlər yarada bilərdi”.
E. Xalidbəyli onu da qeyd edib ki,Türkiyənin Rusiyaya yönəlik siyasi kursunda elə bir ciddi dəyişiklik gözlənilmir:
“Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin maraqları çərçivəsində xarici siyasət yürütməkdə davam edəcək. Bu siyasətin Rusiyanın maraqlarına uyğun olub-olmayacağı isə Kremlin davranışlarından asılı ola bilər. Çünki rəsmi Ankara Rusiya ilə əməkdaşlığını birmənalı şəkildə Türkiyənin maraqları üzərində qurmağa çalışır”.
//Gülnarə Abasova, Editor.az

