Türkiyənin şərqindəki Batman şəhərində iğtişaşlar üçüncü gündür ki, davam edir.
Editor.az bildirir ki, bu barədə “Batman Burada” portalı xəbər verir. Böhrana mart ayında müxalifət partiyasından bələdiyyə başçısı seçilmiş Gülüstan Senükün vəzifəsindən uzaqlaşdırılması səbəb olub.
Yerli media 100-ə yaxın etirazçının saxlandığını bildirib. KİV qeyd edir ki, şəhərin bəzi ərazilərində etirazçılarla hüquq-mühafizə qüvvələri arasında toqquşmalar qeydə alınıb. Gənclər itaətsizliyi dağıtmaq üçün su şırnaqlarından istifadə edən polisə qarşı atəşfəşanlıq ediblər. Polis vertolyotu şəhərin səmasında patrul edir, etirazçılar icazəsiz yürüşlər və yanan təkərlərlə yollarda nəqliyyatın hərəkətini dayandırmağa çalışırlar.
Materialda deyilir ki, eyni səbəbdən Mardin və Halfeti şəhərlərində də kütləvi etirazlar keçirilir. Gülüstan Sönük “silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Oxşar ittihamlarla Mardin bələdiyyə başqanı Ahmet Türk 10 il, Halfeti bələdiyyə başqanı Mehmet Karayılan isə 6 il 3 ay 15 gün həbs cəzasına məhkum edilib.
//Samir Qurbanov, Editor.az