Türkiyənin zəlzələ bölgəsində seçici fəallığı müşahidə edilir – FOTObackend

Türkiyənin zəlzələ bölgəsində seçici fəallığı müşahidə edilir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin fevralın 6-da baş verən zəlzələdən zərərçəkən bölgəsində seçici fəallığı müşahidə edilir.

Belə ki, Qaziantep, Kahramanmaraş, Malatya, Şanlıurfa, Adıyaman və Kilisdə seçicilər məktəblərdə səs verirlər. Burada səsvermələr üçün hər cür şərait yaradılıb.

Onikisubat rayonundakı Zeki Karakız orta məktəbinin bağçasında konteynerlərin qarşısında növbə gözləyən seçicilər yerli vaxtla saat 08:00-dan etibarən səs verməyə başlayıblar. Seçicilər səhər tezdən növbəyə dayanıblar.

Kahramanmaraşda 753 min 287 seçici səs verəcək.

Qaziantepin şəhər mərkəzində vətəndaşlar məktəblərdə seçimlərini ediblər. Zəlzələdən çox zərər çəkən İslahiye və Nurdağı rayonlarında seçicilər seçki konteynerlərindən istifadə ediblər.

Malatya və Adıyamanda zəlzələdən zərər çəkməyən məktəblərlə yanaşı, qəzalı məktəblərin olduğu məhəllələrdə və konteyner şəhərlərdə qurulan seçki konteynerlərində yüksək seçici fəallığı müşahidə edilir.

Şanlıurfa və Kilisdə də seçicilər səhər saatlarından etibarən səs verməyə gediblər.

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Bu gün ölkə daxilində 60 milyon 697 min 843 vətəndaş səs verəcək. Xaricdə yaşayan 3 milyon 416 min 98 seçicinin səsverməsi isə bir neçə gün əvvəl yekunlaşıb.

Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır: – “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğan.

“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

“Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.

Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.

Mənbə: “TRThaber”