Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın Avropa Birliyinə üzv olmaq istəyini açıqlayıb və 27 Aİ üzvünü bu istiqamətdə cəsarətli addımlar atmağa çağırıb.
Editor.az AP-ə istinadən xəbər verir ki, bu barədə o, Avropanın qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varqey ilə keçirdiyi mətbuat konfransında bildirib. Xarici işlər nazirinin sözlərinə görə, Türkiyəsiz Avropa İttifaqı həqiqətən qlobal oyunçu sayıla bilməz.
“Türkiyənin Aİ-yə üzvlüyünə gedən yolun aydınlaşdırılması və üzvlük perspektivinin bərpası həyati əhəmiyyət kəsb edir”, – Hakan Fidan bildirib.
“Biz onların əlaqələrimizin inkişafı üçün lazım olan qətiyyət nümayiş etdirmələrini və daha cəsarətli hərəkət edə biləcəklərini gözləyirik”, – diplomat vurğulayıb. Xarici işlər naziri bildirib ki, Türkiyə və Aİ Ankara ilə Brüssel arasında 1995-ci ildə qüvvəyə minmiş gömrük ittifaqının mümkün yenilənməsi ilə bağlı danışıqlara başlayacaq.
Tərəflər, həmçinin Aİ ölkələrinə səfər edən türk iş adamları və tələbələr üçün viza məhdudiyyətlərinin yumşaldılması ilə bağlı danışıqlara başlamağın zəruriliyi ilə də bağlı razılığa gəliblər.
//Samir Qurbanov, Editor.az