BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyünün yenidən nəzərdən keçirilməsi beynəlxalq gündəmin əsas mövzularından biridir. Mövcud daimi üzvlərin mühüm qlobal məsələlərdə vahid mövqe ortaya qoya bilməməsi, yaxud qəbul olunan qərarların icrasına ortaq radə göstərməməsi təşkilatın effektivliyini azaldıb.
Bu səbəbdən ekspertlər BMT TŞ-də islahatların qaçılmaz olduğunu, xüsusilə də yeni daimi üzvlərin qəbul edilməsinin beynəlxalq təhlükəsizlik arxitekturasını yeniləmək üçün zəruriliyini vurğulayırlar.
Müzakirələrdə adı hallanan ölkələrdən biri də Azərbaycandır. Strateji coğrafi mövqeyi, enerji təhlükəsizliyinə töhfələri, sülhməramlı fəaliyyətlərdə iştirakı və multivektor diplomatiyası fonunda ölkəmizin TŞ-də daimi yerə namizədliyi aktuallaşır.
Azərbaycanın daimi üzv statusu qlobal güc balansına necə təsir edər? Regional liderlik iddiası ölkənin beynəlxalq öhdəliklərini artırarmı?
Globalinfo.az-a danışan politoloq Azər Qasımov deyib ki, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olması üçün təşəbbüslə çıxış edilməsi yaxşı olar:
“Azərbaycanın dünya nizamında istər siyasi, istərsə də kommunikasiya mərkəzi, eləcə də enerji təminatçısı kimi rolları baxımından vacib ölkəyə çevrilməsi dünyanın bütün aparıcı dövlətləri tərəfindən qəbul edilir və yüksək qiymətləndirilir. Ankaranın da bu istiqamətdə Bakını dəstəkləyəcəyi şübhəsizdir. Əslində, Türkiyə özü də bu yerə layiqli namizəddir, amma ona qarşı çıxan ölkələr çoxdur və buna imkan verməzlər.
Azərbaycanın öz reallığını yaratması və bunu yaxın ətrafından tutmuş Yaxın Şərqə, Ərəb yarımadasına, Mərkəzi Asiyaya, Çinə, Qərbə və Şərqi Avropaya qəbul etdirməsi, aparıcı dünya dövlətləri ilə bərabərhüquqlu siyasi fəaliyyəti göz önündədir. Hesab edirəm ki, Azərbaycanın artıq dünya siyasətinin aparıcı dövlətlərinin sırasına daxil olmasının vaxtı çatıb.
Bu, BMT-nin Təhlükəsizlik Şurası üçün də imic dəyişikliyi olar. TŞ-yə yeni ən azı iki dövlətin daxil edilməsi qərarların qəbulunda yeni dövr yarada bilər. Azərbaycanın bu məsələdə dəstək alması üçün bir sıra dövlətlərlə iş aparılmalıdır.”

