Türkiyəyə qarşı iri “TERROR” PLANI – Rusiya daha da çıxılmaz vəziyyətdəbackend

Türkiyəyə qarşı iri “TERROR” PLANI – Rusiya daha da çıxılmaz vəziyyətdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya və İsveçin NATO-ya qəbul edilməsi ilə bağlı planların yayılması dünyadakı geosiyasi vəziyyəti növbəti gərginləşdirən hadisəyə çevrilə bilər. Hətta işin “nüvə müharibəsi” ilə nəticələnə biləcəyinə kimi gedib çıxacağı barədə proqnozlar belə səsləndirilir.

Əslində bu addım atılarsa Rusiya-Ukrayna müharibəsində fərqli cinahlarda qərarlaşan dünyanın iki nəhəng ölkəsi Rusiya və Türkiyə qüvvələrini eyni istiqamətə fərqli məqsəd üçün səfərbər edə bilərlər:

I. Sözsüz ki, bu da ilk növbədə Qərbin işinə yarıyacaq kimi görünmür. Belə ki, Finlandiyanın neytrallığının Moskva üçün nə qədər böyük tarixi əhəmiyyət daşıdığı, bu məsələnin Sovet diplomatiyasının ən böyük uğur və simvollarından biri kimi qəbul edildiyi hər kəsə məlumdur.

Ukraynanın NATO-ya üzv ola bilmək üçün hazırlıq iddiaları ilə müharibəyə başlayan Rusiyaya qarşı NATO-nun coğrafiyanı Finlandiyaya doğru genişləndirməsi faktiki olaraq Rusiyanı çarəsiz vəziyyətdə buraxmaq məqsədilə atılması planlaşdırılan növbəti qərardır. Rusiya siyasi elitasının Ukrayna ilə müharibədən bu zamana kimi əldə edilmiş nəticələrdən elə də məmnun olmadığını nəzərə alsaq, Qərbin Finlandiya gedişi Moskva üçün çox böyük səbr sınağı da hesab edilə bilər. Amma artıq vəziyyətə nəzarət Moskvanın kontrolundan çıxacaq kimi göründüyü üçün Rusiyanın prosesi əngəlləmək üçün tək seçimi – ağır hərbi əməliyyatlar, nüvə silahı məsələsi qalır. Bunun fəsadını isə təbii ki, hər kəsdən öncə elə Moskva özü çəkə bilər.

II. Türkiyə də bu məsələdə Rusiya ilə ortaq fikirdədir. Ukraynadakı müharibənin əleyhinə çıxan, tərəflərin tez bir zamanda sülh razılığına gəlməsi üçün bütün diplomatik kanalları slnaqdan keçirən Ankara çox güman ki, Finlandiya ilə Rusiya arasında eyni situasiya yaşanacağı təqdirdə bir o qədər də səmimi olmaq fikrindən imtina edə bilər. Çünki hər kəsə məlumdur ki, bu iki ölkə terror təşkilatlarına dəstək verməkləri ilə fərqlənirlər.

Türkiyənin xarici işlər naziri Mövlud Çavşuoğlu Almaniyanın paytaxtı Berlində NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı zamanı elə bu məsələyə çox açıq şəkildə etirazını ifadə etdi: “NATO müttəfiqi olacaq istənilən ölkə terror təşkilatı PKK/YPG-yə dəstək verməməlidir. Bu iki ölkə isə (İsveç və Finlandiya – red.) PKK və YPG terror təşkilatlarını açıq şəkildə dəstəkləyir”.

Buradan da Türkiyənin NATO-ya yeni üzvlərin qəbulu məsələsində mövqeyinin səbəbi hər kəsə aydındır. Nəzərə alsaq ki, NATO beynəlxalq təşkilat yox, dövlətlərin ittifaqdır, o zaman bu qurumun hansı məsuliyyətin altına girdiyini də bilməsi lazımdır. Və buradan belə nəticə çıxır ki, bu, təkcə təhlükəsizlik məsələsi yox, eyni zamanda bütün sahələrdə, xüsusən də təhlükəsizlikə təhdid olduqda çiyin-çiyinə həmrəylik tələb edən bir ittifaqdır. Türkiyəyə qarşı yaradılan bir terror təşkilatını dəstəkləyən dövlətlərin Türkiyə ilə eyni qurumda yer alması, bu baxımdan olduqca absurd hadisə kimi görünər.

Çünki Türkiyənin müttəfiqi sırasına qoşulmaq istəyən ölkə hər gün Türkiyəyə hücum edən, terror törədən, günahsız vətəndaşları, hərbçiləri öldürən terrorçulara himayədarlıq etməməlidir. Amma təəssüf ki, deyəsən NATO əsas müttəfiqi kimi təşkilatın cinah ölkəsi olan, onun cənub cəbhəsini təşkil edən Türkiyənin bu məsələ ilə bağlı həssaslığına etinasızlıq göstərərək təşkilatın ciddi şəkildə parçalanmasına səbəb olacaq ki, bu da gələcəkdə Rusiyanın xeyrinə işləyən məqama çevrilə bilər.

Bu məsələyə Türkiyə prezidenti R.T.Ərdoğanın da hansı reaksiyanı verəcəyi öncədən məlum idi. Ərdoğan İsveç və Finlandiyanın NATO üzvlüyü haqqında məsələ ilə bağlı “müsbət baxmırıq” ifadəsini işlətdi. Bu ifadənin digər forması “mənfi baxırıq”, “qarşıyıq”, “biz istəmirik” deməkdir.

Türkiyənin strateji dəyərinin ən yüksək olduğu situasiyanın Qərb və Rusiya arasında qarşıdurma vəziyyəti olduğunu nəzərə alsaq, bu məsələdə NATO-nun Türkiyənin maraqlarını ciddi mənada nəzərə alacağı istisna edilmir. Çünki Rusiya ilə Qərbin toqquşduğu məsələlərdə öz maraqlarını mümkün qədər artırmaq istəyən Ankara dünyada hazırda cərəyan edən geosiyasi vəziyyətdən düzgün istifadə edərək ona lazım olan nəticəyə varmaq üçün bu seçimdə də üstün tutulacaq tərəf kimi ön plandadır. Çünki elə Ukraynadakı müharibədən əvvəlki və hazırkı dövrdə Türkiyənin beynəlxalq arenadakı yerini müqayisə etdikdə nəzərə çarpacaq fərqləri görmək olar.

Amma bu son deyil. Bu proseslər bir daha deməyə əsas verir ki, Avropa çox ciddi proseslər astanasındadır, qitənin və ümumilikdə dünyanın yeni təhlükəsizlik arxitekturası formalaşır. Çox güman ki, Rusiya-Ukrayna müharibəsi dünyanın yaxın zamanlarda görəcəyi son müharibə olmayacaq. Yeni münaqişə ocaqları formalaşmaqdadır.

Milli.az