Yunanıstan 2029-cu ilədək ABŞ-dan 5-ci nəsil “F-35” döyüş təyyarələri ala bilməyəcək.
Bu barədə yunan mətbuatında məlumat yayılıb.
Buna səbəb ölkə büdcəsindəki məhdudiyyətlərin olduğu bildirilib.
Yunanıstan Maliyyə Nazirliyinin hesablamasına görə, hərbi sistemlərin alınması üçün xərclər hər il 1.5-2 milyard avro təşkil edir. Yalnız 2023-cü il istisnadır. Həmin il xərclər bir qədər aşağı olacaq.
“Greekcitytimes” bildirib ki, “Rafale” döyüş təyyarələri, raket sistemləri, korvetlər və elektron sistemlər kimi bahalı alışlar sayəsində artıq xərclər zirvəyə çatıb.
2029-cu ilə planlaşdırılan tədarüklər təxminən 1 milyard avro təşkil edir. Bu səbəbdən qarşıdakı 7 il ərzində silah sistemlərinin alınması mümkün görünmür.
Bu arada Yunanıstanda 83 ədəd “F-16” döyüş təyyarəsinin “Viper” konfiqurasiyasına təkmilləşdirilməsinin 2027-ci ilə qədər başa çatdırılması gözlənilir. 24 ədəd “Rafale” qırıcısının hamısı 2024-cü ilə qədər təhvil veriləcək. Amma gecikmələrin ola biləcəyi də bildirilir.
Qeyd edək ki, Yunanıstan Baş naziri Kiryakos Mitsotakis ABŞ-a səfərində Türkiyəyə verilməli olan “F-35” qırıcılarının Afinaya satılması ilə bağlı razılaşma əldə edib. Eyni zamanda, baş nazir Vaşinqtonu Türkiyəyə “F-16” satmamağa çağırıb. Bundan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mitsotakislə görüşdən imtina edib.
Teleqraf.com

