TÜRKMƏNİSTAN PREZİDENTİ BU DƏFƏ HƏRBİ TƏYYARƏ SÜRDÜ- VİDEObackend

TÜRKMƏNİSTAN PREZİDENTİ BU DƏFƏ HƏRBİ TƏYYARƏ SÜRDÜ- VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkmənistan prezidenti, vaxtaşırı olaraq gah xüsusi təyinatlı geyimində döyüş bacarıqları nümayiş etdirən, gah velosipedlə hərəkətdə olarkən hədəfə tapançadan atəş açan, gah özünün layihələndirdiyi yarış maşınında sürət yarışına çıxan Qurbanqulu Berdiməhəmmədov bu dəfə hərbi təyyarə sürüb. Virtualaz.org bu ölkənin rəsmi “Türkmənistan bu gün” xəbər agentliyinə istinadən xəbər verir ki, Berdiməhəmmədov Türkmənistan silahlı qüvvələrinin sərəncamına yeni daxil olan döyüş təyyarələri, onların xarakteristikaları ilə tanış olub. Və təyyarələrdən birini idarə edib.

Bu “yeni və müasir” döyüş təyyarələrinin markası haqda məlumat verilmir. Amma kadrlardan görünür ki, söhbət İtaliyanın istehsalı olan M-346FA təlim-döyüş təyyarəsindən gedir.

Berdiməhəmmədov hərbi aerodroma velosipedlə gəlib . Bildirilir ki, Dövlət Təhlükəsizlik Şurasının katibi Ç.Amanov prezidentə müasir texnikanın özəllikləri haqda məlumat verib. Raportu qəbul edən Türkmənistan prezidenti hərbi aviatexnika ilə tanış olub. Berdiməhəmmədova təyyarənin avadanlıqları, onun təyinatı barədə məruzə ediblər. Türkmənistan prezidenti hərbi təyyarələrin texniki xarakteristikası ilə bağlı çertyojlarla tanış olub və görünür bu tamamilə kifayət edib ki, heç bir pilot təhsili olmasa da (Berdiməhəmmədov ixtisasca diş həkimidir) o, təyyarəni idarə etsin.

Berdiməhəmmədov çertyojlarla tanış olduqdan sonra xüsusi kostyum geyinib, tam hərbi pilot təchizatında yeni hərbi təyyarənin şturvalı arxasına keçib və onu sınaqdan keçirməyi qərara alıb. Bildirilir ki, maşını hərəkətə gətirməzdən əvvəl dövlət başçısı belə hallar üçün nəzərdə tutulmuş bütün hərəkətləri diqqətlə yerinə yetirib.

Bir neçə dəqiqə sonra reaktiv mühərriklər işə düşüb və təyyarə Berdiməhəmmədovun idarəetməsində havaya qalxıb. Bildirilir ki, bu təyyarələr ani olaraq kursu dəyişə və nümayişkarənə kəşfiyyat uçuşları keçirə bilər. Səsdən iti sürətlə uçan təyyarədə uçan Berdıməhəmmədov onunla bir neçə viraj da həyata keçirib. Və deyildiyi kimi, təyyarəni rəvan şəkildə yerə endirib.

Əlbəttə, toplaşanlar hamısı, o cümlədən müdafiə naziri B.Gündoğduyev Ali baş komandanı uğurla həyata keçirilmiş sınaq uçuşuna görə təbrik edib alqışlayıblar.

Müdafiə naziri xahiş edib ki, Berdiməhəmmədov geydiyi pilot formasını paytaxt Aşqabadda tikilməkdə olan Berdiməhəmməd Annayev adına hərbi muzeyə hədiyyə etsin. Türkmənistan prezidenti bu təklifi bəyənib.

 

 

Loading...