TÜRKSOY-un azərbaycanlı nümayəndəsi: “Hatayda mənzərə dəhşətlidir” – FOTObackend

TÜRKSOY-un azərbaycanlı nümayəndəsi: “Hatayda mənzərə dəhşətlidir” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hatayda mənzərə dəhşətlidir. Şəhərdə hər nə varsa zəlzələdən zərər görüb, dağılıb.”

Bu fikirləri “Report”un Ankara Bürosuna Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) mətbuat şöbəsinin azərbaycanlı əməkdaşı Vüqar Novruzoğlu bildirib.

Zəlzələnin ikinci günündə TÜRKSOY-un 13 nəfərlik heyəti kimi zərərçəkənlərin ən zəruri ehtiyacları ola bilən əşyalar, qida və geyimlə dolu iki avtomobillə bölgələrə getdiklərini bildirən V.Novruzoğlu dəhşətli mənzərələrin şahidi olduğunu bildirib:

“Əvvəlcə Qaziantepə getdik. Başqa ölkələrdən gələn axtarış-xilasedici qüvvələri yönləndirilmə üçün Qaziantep Hava limanından AFAD-ın (Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi-red.) yerli bürosuna göndərilir. Qaziantepdə TÜRKSOY-un qışda soyuğa, yayda istiyə davamlı zəlzələ çadırları qurduq, tərcüməçi kimi dəstək verdik, yardımları payladıq, oradan da Hataya keçdik. Amma Hataya gedərkən oradakı mənzərədən dəhşətə gəldik”.

“Evlər dağılmışdı, hərəkətdə olan avtomobillər zəlzələnin gücündən yolların kənarına atılmışdı”

Vüqar Novruzoğlu deyib ki, şəhərin girəcəyindən etibarən çox böyük dağıntılar var: “Bütün binalar ya uçub, çöküb, ya da pəncərələri qırılıb, divarları çatlayıb, dağılıb. Bəzi evlər dibindən qopub, yanı üstə düşüb, 8-10 mərtəbəli bina yan üstdə necə aşıbsa, elə də qalıb. Bütün bunlar zəlzələnin gücünün göstəricisidir. Təbii ki, inşaatı keyfiyyətsiz olan binalar bütünlükdə yerə çöküb, yalnız damları görünür. Bir sözlə zəlzələnin təsirindən heç nə sağlam qalmayıb”.

“Yollar dağılıb, nəqliyyat, çatdırılma çox çətindir”

V.Novruzoğlunun sözlərinə görə, yollar dağıntıya məruz qaldığı üçün ən böyük problem çatdırılma, nəqliyyatla bağlı olub: “Ən böyük çətinlik şəhərin içərisində hərəkət etməkdə idi. Şəhərin daxilində dağılan binalar yolları bağlayıb, bəzi yerlərdə də yollar sıradan çıxıb. Hatayda əvvəllər də olmuşuq, tanıdığım yolların 3 dəqiqəyə gedə biləcəyimiz məsafəsini 4 saata gedə bildik.

Orda bəlkə köməyimiz dəyə bilər deyə, azərbaycanlı xilasediciləri və ümumiyətlə Türk ölkələrindən gələn xilasetmə qüvvələrini də axtardıq, amma tapa bilmədik. Digər problem ondan ibarət idi ki, şəhəri tanıyan yerli sakinlərə çox az rast gəlinirdi. Onlar çox güman ki, ya dağıntılar altında qalıb, ya da yıxılan evlərin altında qalan doğmalarını xilas etməyə kömək edir, yaxud soyuq havada çadırlara sığınıblar”.

“Yerli əhali olduqca ağır vəziyyətdədir”

Vüqar Novruzoğlu yerli əhalinin acınacaqlı vəziyyətdə olduğunu da vurğulayıb: “Hatayda yerli sakinlər ağır vəziyyətdədir. Bölgədə meydana gələn dağıntı işıq, qaz, su şəbəkələrini yararsız hala salıb. Bölgədə su, işıq, qaz yoxdur. İnsanlar küçələrdə tonqal qalayaraq soyuqdan ölməməyə, həyatda qalmağa çalışır.

Hər şeyləri məhv olmuş insanlar, hər kiçik dəstəyə görə dərin minnətdarlıq edirlər. Üzlərinə hüzn çöküb. İnsanların gözlərində dağıntı altında qalan yaxınlarını qurtarmaqla bağlı imdad çağırışı var”.

“Yollarda saysız yardımlar var, çatdırmaq olmur”

Fəlakət bölgəsinə həddən artıq çox yardımların olduğunu vurğulayan Vüqar Novruzoğlu humanitar dəstəklərə ehtiyacı olanlara çatdırılmasının koordinasiya edilmə çətinliyindən də danışıb: “Yardımları ehtiyac olan yerlərə çatdırmaqda kifayət qədər böyük problemlər var. Bunun başlıca səbəbi dağıntının geniş olması, yollarda hərəkət etmənin mümkünsüzlüyü ilə əlaqədardır. Bəzi yollar bağlıdır, bir sıra yollarda isə həddən artıq çox tıxac var, hərəkət etmək olmur. Biz zəlzələ bölgəsində hərəkət edərkən yol kənarlarında saysız yardım məhsulları, ləvazimatlar, insanları zəlzələnin dağıntılarından xilas etmək üçün hər cür avadanlıqlar gördük, amma bunların bir çoxu yollarda öz təyinatını gözləyirdi.

Gecə yarısına qədər 2-3 yük maşınındakı yardımın boşaldılmasına kömək etdik, zəlzələdə zərəçəkən kəndlərə ərzaq, yardım apardıq.

Təbii ki, TÜRKSOY olaraq hər zaman xalqlarımızın ən çətin anlarında onların yanıda olmaq borcumuzdur, əlimizdən gələn köməyi edirik. Bölgəyə fiziki dəstəkdən əlavə, maddi dəsək də verdik. Amma orada pulla heç bir şey almağa ehtiyac yoxdur. Nəyə ehtiyac varsa, AFAD başda olmaqla digər dəstək qurumları zəzərçəkən insanlara etməyə çalışır. İmkanı olan insanlar özləri də yardım mərkəzlərinə müraciət etdikdə ala bilir. Amma ümumi vəziyyət həm şəhərin daxilində, həm də kənarlarda acınacaqlıdır.

Hatayda dövlət idarələri, marketlər açıq deyil, bəlkə də o insanlar özləri də dağıntıların altında idi. Yaxud onlar da köməksiz qalıb, yardıma, qidaya ehtiyacı var.”

“Fasiləsiz xəbərdarlıq siqnalı çalınır”

V.Novruzoğlu TÜRKSOY heyətinin Hatayda olduğu müddətdə təcili tibii yardım və digər təhlükəsizlik üçün fasiləsiz olaraq xəbərdarlıq siqnallarının verildiyini də vurğulayıb: “Hər dəqiqə təcili tibbi yardım maşınlarının səsi gəlir. Dayanmadan xəbərdarlıq siqnalları, sirena səsləri şəhərin yeganə səsi olub. Bu səs mənə daim Hatayı xatırladacaq. Çoxsaylı qədim mədəniyyətlərə ev sahibliyi etmiş, Türkiyənin ən qədim, tarixi yerlərindən biri olan Hatay zəlzələnin amansız nəticələrindən imdad diləyir”.