“Son günlər Ermənistan və Azərbaycan arasında gərginlik artıb. Artıq bu gərginlik yalnız Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan torpaqlarında deyil, rəsmi dövlət sərhədində yüksəlir. Təbii ki, bütün bunlar Ermənistanın təxribatları, aqressiv, təcavüzkar siyasəti nəticəsində baş verir. Ermənistanın bu aqressiyasının səbəbi onun daxili siyasətində baş verənlərdir”.
Bu sözləri Editor.az- açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib
O qeyd edib ki, erməni KİV-ə nəzər saldıqda Nikol Paşinyanın daxili auditoriyadakı vəziyyətinin heç də ürəkaçan olmadığını aydın şəkildə görmək olur:
“Paşinyanın seçkilərdə qalib gəlməsinə baxmayaraq müxalifət də kifayət qədər səs topladı. Qarabağda Paşinyan uduzduqca müxalifətin mövqeləri möhkəmlənir. Görünən odur ki, Paşinyan özü belə Ermənistan ordusuna tam nəzarət edə bilmir. Bir gündə müdafiə nazirini dəyişərək öz yaxın adamlarından birini gətirir. Hansı ki, heç o adamın hərbidən heç bir anlayışı yoxdur. Həmin adamın təyinatının səhəri günü Ermənistan tərəfdən qəfil genişmiqyaslı hərbi əməliyyatlar başlayır. Fikrimcə, heç bu əməliyyatlardan nə hakimiyyətin, nə də o müdafiə nazirinin xəbəri var. Ermənistan daxilində vəziyyət çox qarışıb. Sərhəd bölgəsində və Qarabağda törətdiyi təxribatların bir səbəbi də budur”.
Tural Abbaslı qeyd edib ki, Azərbaycan tərəfi proseslərin başlanğıcından sülh müqaviləsinin imzalanmasını istəyib:
” Lakin bu nəyin bahasına olursa, olsun baş tutacaq deyə birşey yoxdur. Azərbaycanın irəli sürdüyü şərtlər var və həmin şərtlər təmin olunmasa Azərbaycan qaldığı yerdən davam etməlidir. Görünür Ermənistan sülhə getməyə hazır deyil. Çünki sülh masasında Azərbaycanın irəli sürdüyü şərtlər Ermənistanın daxili auditoriyasında iqtidar dəyişikliyinə gətirib çıxara bilər. Ona görə baş nazir Nikol Paşinyan sülh danışıqlarından yayınmağa çalışır və ya Rusiyanı proseslərə başqa istiqamətdə cəlb edərək Azərbaycanla qarşı-qarşıya qoymağa çalışır. Rusiya da bu məsələdə kifayət qədər həvəslidir. Çünki Türkiyə ilə dost, qardaş, yaxın müttəfiq olan Azərbaycanın Ermənistandan bir neçə dəfə güclü olmasını həzm edə bilmir. Bununla yanaşı, Azərbaycanın Rusiyadan tam olaraq qopmasını da istəmir. Əslində elə Rusiya-Ermənistan koalisiyası Azərbaycana qarşıdır. Lakin dünənki hərbi əməliyyatlar bir daha onu göstərdi ki, Ermənistan Rusiyaya arxayınlaşıb Azərbaycan ərazisinə hücum etməyə çalışarsa, bütün ordu darmadağın edilərək fiaskoya uğrayacaq. Müharibənin yenidən alovlanması istisna deyil. Məşhur deyimdə olduğu kimi, “sülh istəyirsənsə müharibəyə hər zaman hazır olmalısan”. Biz isə sülh olarsa, “Köpəklə dostluq elə amma kötəyi əlindən yerə qoyma” prinsipi ilə Ermənistanla qonşuluq siyasəti yürütməliyik. Çünki ermənilərdən hər zaman hər cür xəyanəti gözləmək olar. Lakin Ermənistan 10 noyabr üçtərəfli bəyanatına əməl etməyəcəksə , Azərbaycan bu bəyanatdan imzasını geri götürməlidir və sənəd qüvvədən düşməlidir. Bundan sonra isə rus qoşunlarının Azərbaycan ərazisini tərk etmələri tələb edilməlidir. Çünki üçtərəfli bəyannamə qüvvədən düşdükdən sonra rus hərbiçilərinin Azərbaycan ərazisində qalması üçün heç bir hüquqi platforma olmayacaq. Çünki artıq atəşkəsə əməl olunmur, Zəngəzur dəhlizinin açılmasında Ermənistan problemlər yaradır, Azərbaycan ərazilərində hələ də erməni terrorçuları qalmaqdadır. Üçtərəfli bəyannamənin imzalanmasından bir il keçir hələ də icra olunmayan bəndlər qalıb. Yenə iş Azərbaycanın öz üzərinə düşür, özümüz Ermənistanı sülhə məcbur etməliyik. Çünki 30 ildə biz onu gördük ki, Ermənistan heç bir halda danışıqlarla yola gələn ölkə deyil və danışıqlarla hər hansı məqbul variantı qəbul etmir. Ermənistanın başa düşdüyü yeganə dil zor tətbiq etmə, silah gücüdür. Ermənistan da sülhə razı deyilsə, sülhəməcburetmə prinsipi ilə onları yola gətirməliyik. Əgər Ermənistan dövlət sərhədlərimizə bir daha hücum edərsə, Azərbaycan Ordusu dövlət sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün Ermənistanın 3-5 km ərazisinə sərhəd boyu daxil olmalıdır. Beynəlxalq hüquqa görə bir dövlətin sərhədlərinə qonşu dövlət tərəfindən təhdid yaranarsa, o dövlət öz sərhədlərinin və həmin ərazidə yaşayan vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün təhlükəsiz zona yarada bilər və bunun üçün də qonşu dövlətin ərazisinə daxil ola bilər. Əks təqdirdə Ermənistan diplomatik dildən anlayan dövlət deyil”.

