“Üçtərəfli bəyanatın yalnız bir bəndinə istinad etmək məqsədli unutqanlıqdır”-Millət vəkilindən AÇIQLAMAbackend

“Üçtərəfli bəyanatın yalnız bir bəndinə istinad etmək məqsədli unutqanlıqdır”-Millət vəkilindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının XİN rəhbəri Sergey Lavrov Azərbaycan XİN başçısı Ceyhun Bayramovla telefon danışığında da Laçın yolunun tezliklə açılmasını bildirib. Xəbərdə bildirilir ki, “Rusiya tərəfi 9 noyabr 2020-ci il tarixində ən yüksək səviyyədə üçtərəfli bəyanatda göstərilən parametrlərə uyğun olaraq Laçın dəhlizi boyunca nəqliyyatın mümkün qədər tez açılmasının zəruriliyini vurğulayıb”. Laçın yolunda ekoloqların etiraz aksiyası başlandığı gündən bəri Rusiya bu səviyyədə ilk dəfədir ki, münasibət bildirir.

Maraqlıdır ki, 2 il müddətində üçtərəfli bəyannamənin şərtlərinə əməl etməyən Rusiya və Ermənistan indi hansı haqla Azərbaycana belə müraciət ünvanlayır? Bu “obyektiv“ yanaşma Ermənistan öhdəliklərini yerinə yetirməyəndə niyə göstərilmirdi?

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Hikmət Babaoğlu Editor.az-a açıqlamasında bildirib ki, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Laçın yolunun əvvəlki iş rejimində işləməsi ilə bağlı fikirlər səsləndirərkən 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata istinad edərək onun tələblərinin yerinə yetirilməsini zəruri hesab edir:

“Bu o vaxt məntiqli olardı ki, açıqlamada Sergey Lavrov qeyd etsəydi ki, həmin bəyanatın 9-cu bəndidə göstərilən Azərbaycandan Naxçıvana gedən yolun da maneəsiz şəkildə istifadəsi bugünkü tələbdir və Rusiya bunu zəruri hesab edir. Yalnız bu şərtlərlə həmin açıqlamanı ədalətli hesab etmək olardı. Üçtərəfli bəyanatın bir bəndinə istinad edən xarici işlər naziri digər bəndləri unudur. Xüsusi məqsədli unutqanlıq yaxşı hal deyil. Söhbət kommunikasiyaların açılmasından gedirsə, bunlar paralel aparılmalıdır”.

Deputatın sözlərinə görə, Naxçıvana gedən yolda maneəsiz keçidin təmin olunması həm də Rusiyanın öhdəliyindədir:

“Burada maneəsiz keçidi təmin etmək üçün rus sərhəd qoşunlarının xüsusi missiyasına səlahiyyət verilir. Sergey Lavrov da bəyanat verərkən bunları nəzərə almalıdır. Gec-tez 10 noyabr bəyanatının öhdəlikləri yerinə yetiriləcək. Laçın yolunda ekofəalların etiraz aksiyası bütün məqsədlərimizə çatana qədər davam edəcək”.
 
//Safura Bənnayeva, Editor.az