Üçtərəfli görüş GÖZLƏNİLİR: Nələr müzakirə ediləcək?backend

Üçtərəfli görüş GÖZLƏNİLİR: Nələr müzakirə ediləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Nikol Paşinyan komandasına bildirib ki, Moskvada keçiriləcək üçtərəfli görüş zamanı Zabux və Laçın şəhərində yaşayan ermənilərin təxliyəsini təxirə salmaq üçün hər şeyi edəcək. Bu barədə xəbəri Ermənistanın “Hraparak” qəzeti yayıb.

Qeyd edilib ki, Ermənistanın baş nazirinin məqsədi vaxt qazanmaqla “Laçın dəhlizi”ndən keçən kommunikasiya xətlərinin (qaz, elektrik, internet) Xankəndini Ermənistanla bərləşdirən yeni daşınmasına nail olmaqdır.

Xatırladaq ki, Azərbaycan tərəfi Laçın rayonunun Zabux və Sus kəndlərində, Laçın şəhərində qanunsuz yaşayan ermənilərə həmin əraziləri boşalmaq üçün avqustun 25-nə kimi vaxt verib.

Qeyd edək ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan liderlərinin Moskvada üçtərəfli görüşü gözlənilir.

Mövzu ilə bağlı Editor.az-a danışan politoloq Tural İsmayılov bildirib ki, Laçın dəhlizinin alternativ yeni yolla əvəzlənməsi Azərbaycan dövlətinin qalib dövlət kimi konkret olaraq diktə etdiyi əsas tələblərdən biridir:

“İndiyə kimi bununla bağlı ölkəmiz  tərəfindən dəfələrlə çağırışlar edilib. 10 noyabr bəyanatının müddəalarından biri də Laçın dəhlizinə alternativ yeni yolun istifadəyə verilməsi və dəhlizin boşaldılmasıdır. Bununla bağlı Cənab Prezident İlham Əliyev avqustun sonuna qədər Ermənistana vaxt verib. Buna görə də Laçın rayonunun Zabux və Sus kəndlərində  qanunsuz yerləşdirilən erməni əhalisinin boşaldılması ilə bağlı proseslər gedir. Beynəlxalq ictimaiyyətə də, 10 noyabr bəyanatının üçüncü tərəfi olan Rusiyaya da yaxşı məlumdur ki, həmin ərazilərdə yaşayan ermənilər Livandan və dünyanın başqa coğrafiyalarından ora qanunsuz şəkildə  köçürülüb. Həmin ərazilərdə heç bir zaman ermənilər yaşamayıb. Ona görə də bundan sonra Laçında yaşayan qanunsuz ermənilərin çıxarılması ilə bağlı vaxtın uzadılması qeyri-mümkündür”.

Politoloq onu da qeyd edib ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan liderlərinin Moskvada baş tutacaq üçtərəfli görüşündə sərhədlərin delimitasiya və demakrasiyası ilə bağlı konkret praktik addımların atılması məsələsi müzakirə ediləcək:

“Bu günə qədər bütün proseslərdə Azərbaycan tərəfindən kifayət qədər çevik addımlar atılsa da Ermənistan tərəfindən proseslərin ləngidildiyinin şahidi oluruq. Hesab edirəm ki, Ermənistanın prosesləri ləngitməkdə məqsədi təkcə Azərbaycanla münasibətləri provakasiya etmək deyil, eyni zamanda 10 noyabr bəyanatını gözdən  salmaqdır. Bundan sonra Ermənistana qarşı daha sərt addımlar atılmalıdır. Çünki görünür, İrəvan  regionda qeyri-stabil ab-havanı uzatmaqda maraqlıdır”.

//Gülnarə Abasova, Editor.az