Kremlin mətbuat katibi Dmitri Peskov yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün baş tutacağını bildirib.
Maraqlıdır, görüşdə hansı məsələlər müzakirə edilə bilər?
Mövzu ilə bağlı Editor.az-a açıqlama verən politoloq Fikrət Sadıqov bildirib ki, üçtərəfli görüş qeyri-formal sammitdə baş tuta bilər:
“Görüşdə bir çox problemlərin müzakirəsi gözlənilir. Bizi narahat edən və düşündürən 10 noyabr bəyannaməsinin hələ də Ermənistan tərəfindən yerinə yetirilməməsidir. Qarabağdan erməni silahlı birləşmələri hələ də çıxarılmayıb. Öz həllini tapmalı olan ən vacib məsələlər bunlardır. Ancaq düşünmürəm ki, Şuşa-Xankəndi yolunda baş tutan aksiya müzakirə predmenti ola bilər. Çünki öz ərazilərimizdə etdiyimiz etirazlar kimisə nə maraqlandırmalı, nə də narahat etməlidir. Bizim əsas məqsədimiz torpaqlarımızda ekologiyaya zərər vuran halları monitorinq etməkdir. Bu yoldan bizi heç kəs döndərə bilməz. Baş tutacaq görüşdə inanıram ki, Prezident İlham Əliyev də bu məsələni açıq və prinsipial şəkildə digər dövlət başçılarının nəzərinə çatdıracaq”.
//Gülnarə Abasova, Editor.az

