“Əvvəla koronavirus pandemiyasının davam etdiyi bir dövrdə Üçüncü Dünya müharibəsi baş vermə ehtimalı çox azdır. Hal-hazırda dünya siyasi gündəminin əsas tezislərindən biri pandemiyadan sonrakı münasibətlər sistemində qarşılıqlı əməkdaşlığa əsaslanan yeni dünya modelinin formalaşdırılması və yeni dünya düzəninin ideoloji əsaslarında da Üçüncü Dünya müharibəsinə yer verilmir”.
Bu sözləri Editor.az-a açıqlamasında STM-in baş məsləhətçisi, politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, Ukrayna -Rusiya münasibətlərinin kəskinləşməsi ilk dəfə deyil və bir neçə ay öncə də belə bir hal baş vermişdi:
“Ukraynada yeni gərginlik ocaqlarında Rusiya qətiyyən maraqlı görünmür. Bu günə qədər Krım, Donetsk, Luqansk hadisələrinə görə Rusiyaya qarşı qərbdən kifayət qədər sanksiyalar tətbiq olunub və Rusiya üzərinə bu qədər təzyiqlərin olduğu vaxtda Ukrayna ilə yeni bir müharibəyə başlamayacaq. Rusiyanın Ukrayna sərhədinə ordusunu cəmləşdirməsi və hərbçi kontingentinin sayını çoxaltmasının səbəbi NATO-nun Rusiyaya yaxınlaşması, şərqə doğru genişlənmə siyasəti, eyni zamanda NATO- ya daxil olan siyasətçilərin Rusiya əleyhinə aqressiv açıqlamalarıdır”.
Siyasi analitik hesab edir ki, nə NATO nə də Rusiya Ukrayna xalqını düşünmür:
“Rusiya Ukrayna ilə sərhədə ordu yığmaqla Ukrayna xalqını daim səksəkə içərisində saxlayır və NATO-nun şərq siyasətinin davam edəcəyi təqdirdə Ukraynada yeni münaqişə ocaqları yaradabilmə gücünü ortaya qoyur. NATO isə Rusiyanın Ukrayna ərazisinə yeni təcavüzlər edəcəyinə dair açıqlamaları ilə Rusiyaya qarşı cəbhəni daha dərinləşdirmək və dünya ictimai-siyasi fikrində Rusiyaya qarşı olan mövqeləri daha kəskinləşdirmək istəyir. Bütün hallarda baş verənlərdən əziyyət çəkən Ukrayna xalqıdır. Hesab edirəm ki, heç bir halda Ukraynada yeni münaqişə ocaqları yaranmayacaq. Çünki elə olarsa, NATO ilə Rusiya birbaşa hərbi ixtilafa girə bilər ki, hal-hazırda bu nə NATO-ya, nə də Rusiyaya sərf etmir”.
//Gülnarə Abasova, Editor.az

