“Ukrayna tərəfi Rusiya ilə danışıqlara hazırdır”. Bunu Çinə səfəri zamanı Ukrayna xarici işlər naziri Dmitri Kuleba çinli həmkarı Van İ ilə görüşündə bildirib. Onun sözlərinə görə, aparılacaq müzakirələr rasional və əməli nəticələrə malik olmalıdır.
Məsələ ilə bağlı Editor.az-a danışan siyasi analitik Kənan Novruzov bildirib ki, indiyə qədər həm Ukrayna, həm də Rusiya tərəfi dəfələrlə müzakirələrə hazır olduqlarını bildiriblər. Onun sözlərinə görə, bu konteksdə Kulebanın bu açıqlamasını sıradan hesab etmək olar:
“Rusiya ilə Ukrayna arasında vəziyyət getdikcə çətinləşir. ABŞ Rusiya və Ukraynanı böyük bir okeanın içinə atıb. İndi həm Rusiya, həm də Ukrayna həmin okeanda boğulur. Müharibənin miqyası getdikcə böyüyür və artıq münaqişə tədricən NATO-Rusiya toqquşmasına çevrilir. Bu isə artıq Üçüncü Dünya Müharibəsinin gəlişindən xəbər verir. Belə bir şey baş tutarsa, qurban yalnız Ukrayna deyil, həm də Rusiya olacaq. Ancaq faktiki olaraq hazırda Ukraynanın vəziyyəti daha çətindir. Çünki ölkə parçalanır və başa düşür ki, bu tuneldən çıxış yolu yoxdur. Elə hesab edirəm ki, artıq Rusiya da anlamalıdır ki, ikitərəfli təmasların işə düşməsində fayda var. Hər nə qədər indi Ukrayna ərazisi dağıdılsa da Rusiyanın da işi asan deyil. Gələcəkdə NATO-Rusiya toqquşması başlasa, Kreml işin içindən çıxa bilməyəcək”.
K. Novruzovun sözlərinə görə, əgər Kreml, Üçüncü Dünya Müharibəsi istəmirsə, addımlarını düzgün atmalıdır:
“Çünki artıq o situasiyada nüvə silahları işə düşə və Rusiya da daxil olmaqla, bir çox ölkələr yer üzündən silinə bilər. Əslində dərin güclərin də istədiyi budur ki, bu konteksdə bir çox dövlətlər xəritədən silinsin. Hazırda dünya xəritəsinin yenidən bölünməsi uğrunda mübarizə gedir. Əgər Rusiya bu oyunun qurbanı olmaq istəmirsə, Ukrayna ilə təcili danışıqlara başlamalıdır. Hər iki ölkə onlar üzərindən “oyun” qurulmasına şərait yaratmamalıdır. Bunun qarşısını almaq üçün yeganə yol ikitərəfli danışıqlara başlamaqdır. Kreml bunu dərk edərsə, vəziyyət asanlaşar. Buna mane olmaq istəyən ən böyük güc isə ABŞ-dır”.
//Gülnarə Abasova, Editor.az

