“Rusiya-Ukrayna müharibəsinin ən qızğın və mürəkkəb fazası ilə üzləşirik. Bu da təbii ki, onsuz da dünyada geosiyasi vəziyyətin mürəkkəb olduğu bir dönəmdə xoşagəlməz tendensiya yaradır”.
Bunu Editor.az-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.
Politoloqun sözlərinə görə, Rusiya rəsmiləri Ukrayna Silahlı Qüvvələrinin Amerikanın ATACMS ballistik raketləri ilə Rusiya Federasiyasının Bryansk vilayətinə hücumuna cavab verəcəkləri ilə bağlı xəbərdarlıq edib:
“Bəs bu cavablar nədən ibarət olacaq? Deyilənlərə görə, Ukraynanın enerji obyektləri vurulacaq, çox güman ki, Kiyevin bir sıra rəsmi iqamətgahlarına zərbələr endiriləcək. Təbii ki, bu da müharibənin daha da qızğın mərhələsinin başlaması deməkdir.
Rusiyada nüvə silahlarının istifadə olunma doktrinasına yenidən baxılır. Bu da təhlükəli bir məsələdir. Çünki doktrinada deyildiyinə görə, nüvə silahı cavab olaraq ancaq nüvə silahına malik dövlətin ərazisinə atıla bilər. Ukrayna isə nüvə silahına malik dövlət deyil. Bu isə o demək deyil ki, Rusiya bundan tam şəkildə imtina edir. Üçüncü Dünya Müharibəsinin qapıda olduğu göz qabağındadır. Rusiya üçün ciddi təhlükə yaranır. Qərb, Aİ, ABŞ Ukraynanın arxasındadırlarsa, bundan sonra onların da cavabı verilə bilər. Ümid edirəm ki, həm Kremldə, həm də Ağ evdə sağlam düşüncəli siyasətçilər başa düşəcək ki, bunun yalnız Rusiya, Ukrayna üçün yox, hətta Ukraynanın arxasında dayanan dövlətlər üçün çox acı nəticələri ola bilər”.
//Gülnarə Abasova, Editor.az