” Çox təəssüf ki, bəşəriyyət artıq üçüncü dünya savaşının içərisindədir. Rusiyanın Ukraynada qələbəsi də, məğlubiyyəti də böyük fəlakətlərə gətirib çıxaracaq. Ukraynanın hərbi poliqonda çevrilməsində Rusiya nə qədər günahkardırsa, Qərbin hərbi-siyasi rəhbərliyi də bir o qədər günahkardır”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.
Onun sözlərinə görə Ukraynanın Rusiya tərəfindən işğalına gəlincə bu savaş bir Rusiya-NATO savaşıdır, savaş meydanı da Ukrayna ərazisidir:
“Qərb birbaşa savaşa daxil olmasa da, iqtisadi, siyasi sanksiyalarla küncə sıxışdırılmış Rusiya Qərb ittifaqını müharibənin içinə çəkməyə çalışacaq. Bu cəhdi ilə bir daha blef etmədiyini, böyük müharibə niyyətinin ciddi və gerçəkçi olduğunu dünyaya nümayiş etdirəcək. Neçə ki, “DNR”, “LNR” kimi qondarma qurumları tanıdı, Ukraynaya hərbi təcavüz başlatdı, nüvə silahlarının hazır vəziyyətə gətirilməsi ilə bağlı əmr verdi. RF-nın hərbi-siyasi rəhbərliyi böyük müharibəni avropanın içərilərinə doğru çəkmək niyyətinin ciddi olduğuna dünyanı inandırmaq üçün Polşa və Pribaltika ərazisinə təcavüz edə, hərbi toqquşmalar yarada bilə”.
Siyasi analitik qeyd edib ki, Qərbin Rusiyaya qarşı taktikası onu sanksiyalarla zəiflətmək, rus ordusunu Ukraynada
şəhər döyüşləri ilə məşğul etməkdir:
“Ruslar isə öz soydaşları ilə küçələrdə döyüşməkdə həvəsli görünmür. Bu səbəbdən də toqquşmaların avropanın dərinliklərinə yayılması Rusiyanın B planına daxil ola bilər. Bu gün Qomel şəhərində başlayan danışıqların nəticəsiz bitəcəyi Ukrayna rəsmilərin görüş öncəsi bəyanatlarından da aydın görünür. Krımı işğal etmiş, Ukraynanın iki vilayətində oyuncaq dövlətçiklər yaratmış və onları tanımış Rusiya nəyi güzəştə gedəcək ki, qalib gəlməsi bir fəlakət, məğlub olması, dağılması ayrı bir fəlakət olan bu nataraz dövlət insanlığı fəlakətə sürükləməkdədir”.
//Gülnarə Abasova, Editor.az

