“Azərbaycanla Ermənistan arasında gedən sülh prosesi danışıqlarında Moskvanın fəallığı hər zaman zərər gətirib. Yəni, Rusiya hər hansı bir məsələ ilə bağlı təklif irəli sürdükdə bu nəticə etibarilə qarşıdurmaya səbəb olub. Bu səbəbə də rəvac verən hər zaman Ermənistan tərəfi olub”.
Bu fikirləri Editor.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi analitik bildirib ki, Ermənistan bu və ya digər şəkildə hələ də Rusiya tərəfindən idarə olunur:
“Rusiyanın Ermənistanda əlaltıları çoxdur. Həmin qüvvələr İrəvanı qarşıdurmalara sövq edir. Azərbaycan da məcburiyyət qarşısında düşmənin təxribatlarına səbəb hər nə olursa olsun, layiqincə cavab verir. Digər tərəfdən Rusiya proseslə bağlı açıqlamasında bildirib ki, iki tərəf arasında birbaşa danışıqların əleyhinə deyil. Kreml bu sözlərində səmimi deyil. Rusiya Azərbaycanla Ermənistan arasında özünün birbaşa iştirakı olmayan bütün təmasların əleyhinə olub. Yəni, bütün açıq və ya gizli kanallarda Bakı və İrəvan arasında birbaşa danışıqlara mane olan məhz Moskvadır. Proseslərdən kənara çəkilsələr, o zaman biz sözlərə yox hərəkətlərə inanmış olaraq. Ancaq heç bir zaman Rusiya proseslərdən kənara çəkilmir. Hətta Moskva Azərbaycanla Ermənistan arasında təmaslarda ABŞ, Avropanın vasitəçiliyini də əngəlləmək üçün əlindən gələni edir və ya bunu bacara bilmədikdə özünü araya “dürtərək” üçtərəfli görüş təşkil edir. Bu görüşlərdə yalan vədlər verərək yalnız öz varlığını göz önündə saxlamağa çalışır. Ermənistan Rusiyanın bu siyasətini dərk edib üçüncü tərəfin iştirakı olmadan Azərbaycanla birbaşa danışıqlara gəlməlidir. Sülh prosesini yekunlaşdıracaq iki ölkə var: Azərbaycan və Ermənistan. İrəvan hansısa dövlətə arxalanaraq heçnə əldə edə bilməyəcək, hər zamankı kimi ortada qalacaq. Təklif edərdim ki, ikitərəfli danışıqlar Tiflisdə baş tutsun. Bizim artıq Rusiyaya etimadımız qalmayıb”.
//Gülnarə Abasova, Editor.az

