Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ötən gün 8 Noyabr- Zəfər Gününə həsr olunmuş tədbirdə iştirak edib. O, deyib ki, bölgədə yeni imkanlar yarandığı, Azərbaycanın azad edilən ərazilərini bərpa etdiyi bir dövrdə hər hansı üçüncü tərəflər tərəfindən destruktiv və təxribat yönümlü addımların atılması tamamilə yolverilməzdir”.
C. Bayramov söyləyib ki, Azərbaycan dövləti buna yol verməyəcək: “Bütün təxribatların qarşısı qətiyyətlə alınacaq. Azərbaycan dövlətinin bölgənin inkişafı ilə bağlı planları hamıya məlumdur”.
Siyasi analitik Kənan Novruzov Editor.az-a bildirib ki, regionda sabitliyin təmin olunmasını istəməyən və bütün imkanlarla bunun üçün çalışan güclər heç də az deyil:
“Rusiya, İran, həmçinin bəzi Qərb dövlətləri istəyirlər ki, Cənubi Qafqazda sülh olmasın. Çünki onlar bu fürsətdən istifadə edib öz məkrli niyyətlərini həyata keçirə bilərlər. Rusiya, İran və Qərbin bölgədəki mövcudluqlarını təmin edən yeganə faktor məhz konfliktdir. Ona görə də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmaması onların hər biri üçün hava- su kimi əhəmiyyətlidir. Hər üç tərəfin ayrı – ayrılıqda İrəvanla təmasları intensivləşib. Xüsusilə İranla Ermənistan arasındakı əlaqələr diqqət çəkir. İranın ritorikası göstərir ki, bu dövlət “papadan daha çox katolik olmaq arzusundadır”.
Vətən müharibəsindən sonra regionda yeni geosiyasi şərait formalaşıb. Bu yeni reallıqların müəllifi Azərbaycandır. Biz ərazi bütövlüyümüzü təmin etmişik. Hazırkı prioritetimiz isə regionda sülh və sabitliyin, əməkdaşlıq mühitinin yaranmasıdır. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə bərpa – yenidənqurma işlərinə də xüsusi diqqət yetiririk. Ermənistan hazırda regionun “zəif bəndidir”. Doğrudur, baş nazir Nikol Paşinyan bəzən özünü şıltaq uşaq kimi aparır. Buna baxmayaraq, o özü də başa düşür ki, yekun sülh müqaviləsini imzalamaqdan, şərtlərimizi qəbul etməkdən başqa yolu yoxdur. Türkiyə faktorunu da nəzərə almaq lazımdır. Ankara ilə İrəvan arasında diplomatik münasibətlərin bərpası istiqamətində görülən işlər ikinci tərəfi Bakı ilə münasibətlərin normallaşmasına məcbur edir. Çünki dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan Türkiyənin “qırmızı xətti”dir”.
K. Novruzov qeyd edib ki, əgər münasibətlər ikitərəfli və ya Türkiyənin iştirakı ilə üçtərəfli müstəvidə davam etsə, ən qısa vaxtda sülh müqaviləsi imzalana bilər:
“Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Ermənistanla yekun sülh müqaviləsi bu ilin sonuna kimi insana bilər. Rəsmi İrəvan da analoji bəyanat verib. Deməli, qarşı tərəfin də arzuladığı sülh müqaviləsinin imzalanması kifayət qədər real prosesdir. Buna mane ola biləcək qüvvələr isə Qərb, Rusiya və İranın timsalında üçüncü tərəflərdir. Azərbaycan öz milli və dövlət maraqlarının kölgədə qalması ilə barışa bilməz. Biz dünya dövlətləri, xüsusilə qonşularımızla xoş münasibətlərdə, əməkdaşlıqda maraqlıyıq. Onlar da bizim milli maraqlarımızı, təhlükəsizlik tələblərimizi nəzərə almalıdırlar. Əks halda Azərbaycanın regionun aparıcı siyasi aktoru istənilən dekonstriktiv addıma adekvat cavab verə bilər”.
//Gülnarə Abasova, Editor.az

