Uduzduq, amma Nikolu devirməyin… – Şok etiraflarbackend

Uduzduq, amma Nikolu devirməyin… – Şok etiraflar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biz məğlubiyyətlə barışıb, onu qəbul etməliyik.

Axar.az xəbər verir ki, bu sözlər Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın keçmiş baş müşaviri olan Jirayr Liparityanın məqaləsində yer alıb.

O, Ermənistanın bu savaşdan istənilən vasitə ilə zamanında qaçmalı olduğunu bildirib:

“Ermənistan, Qarabağ və erməni xalqı tarixi nisbətlərdə uduzdu:

• Biz istənilən dəyər naminə qaçmalı olduğumuz müharibəni uduzduq;

• Bizim xalqın daha bir hissəsi öz əcdadlarının evlərindən və öz kollektiv həyatlarından məhrum oldu;

• Biz ən önəmi dəyərlərimizdən biri olan çoxlu sayda gənc insanı itirdik;

• Biz uzun illər ərzində Qarabağa yatırdığımız insani və maliyyə kapitalını itirdik;

• Bizim baş nazir Qarabağ konfliktinin həlli ilə bağlı qarşısına qoyduğu üç hədəfi itirdi:

– Qarabağ rəhbərliyini danışıqlara qaytarmq;

– İstənilən qərar konfliktə cəlb olunmuş üç xalq – Qarabağ, Azərbaycan və Ermənistan xalqları üçün qəbuledilən olmalıdır;

– Qarabağın uzaq gələcəkdə belə müstəqilliyinin təminat imkanları;

• Biz öz əminliyimizi, optimizmimizi, çoxlu sayda naliyyətlərimizi itirdik. Bəlkə də biz demokratiyaya inamı itirdik. Biz baş verənlərin niyə olduğunu qəbul etməyə hazır olmayan travmalı xalqıq;

• Biz öz müstəqilliyimiz və suverenliyimizin daha bir hissəsini itirdik.

10 noyabr 2020-ci ildə imzalan atəşkəs haqqında razılaşma və onu izləyən Prezident Putinin bəyanatları dəqiq göstərdi ki, məhz Ermənistan Qarabağın adından çıxış edir. Hələ də aydın deyil ki, Ermənistan özü gələcək hadisələrin gedişinin müəyyənləşməsi prosesində hansı səsə sahib olacaq. Buna baxmayaraq, bütün maraqlıların gözündə Ermənistan tərəf kimi qəbul edilir”.

Liparityan məğlubiyyətdən sonra ermənilərin fikirlərinin qarışıq olduğunu və ətraflarında qarışılıq gördüyünü deyib. Eks-müşavir ermənilərin öz günahlarına görə günahkar axtarmağa çalışdığını bildirib. Onun sözlərinə görə, avantüristlər, ultrapatriotlar cəmiyyətə özlərinin bütün “arsenalını” yönəldirlər:

“Biz artıq doğru məsələləri qaldırmaqla bağlı qabiliyyətimizə inanmırıq. Üstəlik, bizi bura gətirən yolu necə dəyərləndirməli və gələcəkdə nə etməliyik kimi suallara doğru cavabımızın olduğunu bilmirik”.

O, ermənilərin hələ də niyə bu vəziyyətə düşdüyü ilə bağlı özlərinə sual verməyə davam etdiyini yazıb. Bununla belə, o, ermənilərin bu suallara cavab axtararkən hələ də müharibə gedişində yol verilən səhvlərə və diplomatik uğursuzluqlara diqqəti yönəltdiyini və hətta çoxlarının günahı baş nazirin ayağına yazdığını vurğulayıb. Liparityan məhz bu tip cavablara görə ermənilərin baş naziri istefaya göndərmək, atəşkəs haqqında razılaşmadan imtina etmək, Qarabağın müstəqilliyinin tanınması üçün daha çox səy sərf etmək, yeni müharibəyə hazırlanıb qələbə qazanmaq kimi qərarlar qəbul etdiyini qeyd edib:

“Böyük ehtimalla müharibəyə hazırlıq və ya müharibə gedişində çox şeyi fərqli cür etmək mümkün olardı, amma çətin ki, biz bugünkündən daha yaxşı nəticə əldə edə bilərdik. Ekspertlər, komissiyalar və tarixçilər bu uğursuzluqları hələ çox analiz edəcəklər və böyük ehtimalla nəyin doğru olmadığı ilə bağlı konsensus əldə etməyəcəklər.

Biz ona görə uduzduq ki, rəhbərlərimiz 20 ildən çox müddətdə reallığın gözünə baxmaq yerinə özlərinin qərarlarını ideoloji, siyasi, partiya və şəxsi mülahizələri ilə əsaslandırırdılar. Biz məğlub olduq, çünki hərəkət edən qüvvələr balansını görməkdən və zamanın bizim xeyrimizə işlədiyini tanımaqdan imtina etdik”.

Liparityana görə, Paşinyanın Qarabağla bağlı ən böyük səhvi demokratik Ermənistanın Qarabağ məsələsində beynəlxalq dəstəyi təmin edəcəyi, Qərbin öz maraqları yerinə demokratiyanı müdafiə edəcəyi əminliyi idi:

“20 ildən çoxdur Qərb, Şərq, Şimal və Cənub bizə deyir ki, Qarabağın müstəqilliyini tanımırıq və Qarabağın ətrafındakı 7 rayonu işğal olunmuş sayırıq və bizim onlara nəzarət səbəbimizin nə olmasından asılı olmayaraq, onlar geri verilməlidir. Bütün bu dövr ərzində Azərbaycan bizə deyirdi ki, onlara görə vuruşacaq. Uzun müddət onların bəyanatlarına laqeyd qalaraq, biz hələ də Qərbə müraciət edib, 7 rayon və Qarabağın müstəqilliyini saxlamağımız üçün kömək etməyi xahiş edirdik”.

O, erməni rəhbərliyinin və siyasətçilərinin əsas probleminin onların düşüncə tərzi ilə bağlı olduğunu yazıb. Onun sözlərinə görə, ermənilər özlərinin arzularına əsaslanan siyasi strategiya qururlar, amma onları reallıqda əhatələyən sadə faktları nəzərə almırlar:

“Bizim problemimiz odur ki, öz sağlam məntiqimizi illuziyalarımızla dumanlandırmağa izn veririk. Bizim problemimiz odur ki, öz imkanlarımızı strategiyamızı şübhə altına qoymamaq və arzularımızı dağıtmamaq üçün inadla həddən artıq yüksək qiymətləndiririk. Biz “bir qarış torpaq” strategiyamızı (Paşinyanın “bir qarış da torpaq qaytarılmayacaq” sözləri nəzərdə tutulur – red.) doğru sayırdıq. Biz inanırdıq ki, düşmənin və beynəlxalq ictimaiyyətin iradəsini tabe etdirə, onları bizim kimi düşünməyə və hiss etməyə məcbur edə bilərik. Hesab edirdik ki, arzularımız o qədər ülvidir ki, onlar stratej düşüncəni əvəz edə bilər və sadəcə bu arzuları siyasi proqrama çevirib, bunu dünyaya bəyan etmək lazımdır. Biz özümüzün rahat vəziyyətini pozub, vətənpərvər kimi hiss olunmağı istəmirdik.

Düşmən arzuladığımızı bizə verməyi arzulamır; qərarlaşdırmışıq ki, düşmən danışıqlara hazır deyil. Bununla belə biz deyirdik ki, müharibədən qaçmaq mümkünsüzdür, bu, situasiyanın diktə etdiyi qəbul edilən variantdır və burada bizim günahimız yoxdur”.

Eks-müşavir məhz bu məntiq ucbatından ermənilərin qüvvələr balansını dərk etmədən müharibəyə qoşulmaq qərarı verdiklərini bildirib. O, Qarabağın həlli üçün həm danışıqlar, həm də müharibə yolunun riskli olduğunu yazıb, amma qeyd edib ki, uğursuz sülh zamanı belə ermənilər indikindən daha uğurlu durumda olardılar.

Liparityan Paşinyanın hazırda küçələrdə etiraz edən müxalifət tərəfindən devrilməsinin bəla olacağını, Paşinyanın erməni xalqı üçün əvvəlkilərdən daha çox iş gördüyünü bildirib.

Onun sözlərinə görə, bu düşüncənin davamı müharibənin yenilənməsi və nəticədə əlimizdə olanları itirmək olacaq:

“Əgər biz gələcək üçün zamanın sınağına dözən və sağlam məntiqə sığan proqram hazırlamaq istəyiriksə, uzaq olmayan keçmişimizin göstərdiyi hərəkət istiqamətini dəyişmək vaxtı çatıb”.

Qeyd edək ki, Liparityan 90-cı illərin sonunda Qarabağla bağlı danışıqları kurasiya edib. Məhz o, Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması və statusun müəyyən edilməsi məsələsinin işlənilməsinin əsas dəstəkçilərindən biri olub. Bununla bağlı o, Azərbaycanla gizli danışıqların aparılmasına rəhbərlik edib və danışıqları Azərbaycan prezidentinin keçmiş müşaviri Vəfa Quluzadə ilə aparıb.