UEFA Rusiya komandalarını beynəlxalq yarışlara qaytarırbackend

UEFA Rusiya komandalarını beynəlxalq yarışlara qaytarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 26-da Kiprdə UEFA İcraiyyə Komitəsinin iclası keçirilib.

İclasda rəsmilər Rusiya komandalarının beynəlxalq yarışlara qayıtması üçün zəmin hazırlayıblar.

Editor.az zqurumun rəsmi saytına istinadən xəbər verir ki, artıq bu mövsüm Rusiyanın 17 yaşadək futbolçulardan ibarət komandaları UEFA-nın himayəsi altında keçirilən turnirlərə qayıda bilər.

“UEFA Ukraynadakı müharibəyə reaksiya verən ilk idman qurumu olub və 2022-ci ilin fevralında qəti addımlar atıb: bütün Rusiya komandalarını yarışlardan kənarlaşdırlıb, Rusiyanın Sankt-Peterburq şəhərində planlaşdırılan UEFA Çempionlar Liqasının finalı və UEFA Superi kimi tədbirləri ləğv edilib. Kazan kuboku və Qazprom ilə sponsorluq müqaviləsi də ləğv olunub.

Bununla belə, UEFA eyni zamanda uşaqların yalnız böyüklərin məsuliyyət daşıdığı hərəkətlərə görə cəzalandırılmamalı olduğunu qəbul edir və qəti şəkildə inanır ki, futbol heç vaxt sülh və ümid mesajları göndərməkdən əl çəkməməlidir. Xüsusilə təəssüf doğuran haldır ki, davam edən münaqişə ucbatından bir azyaşlı nəsil beynəlxalq futbolda yarışmaq hüququndan məhrum edilib.

Bu səbəblərə görə UEFA İcraiyyə Komitəsi Rusiyanın yetkinlik yaşına çatmayan futbolçulardan ibarət komandalarının bu mövsümdə yenidən yarışlara buraxılmasına qərar verib. Bununla əlaqədar, icraiyyə komitəsi püşkatma artıq keçirilsə belə, 17 yaşadək (həm oğlanlar, həm də qızlar) Rusiya yığmalarının bərpasına imkan verəcək texniki həll təklifi ilə UEFA administrasiyasına müraciət edib. Rusiya komandalarının bütün oyunları Rusiya ərazisində deyil, ölkənin bayrağı, himni, milli oyun forması olmadan keçiriləcək”, – məlumatda deyilir.

UEFA-nın prezidenti Aleksandr Çeferin qurumun Rusiya yığmalarını yarışlara qaytarmaq qərarına münasibət bildirib. “Rusiyanın böyüklərdən ibarət komandalarının fəaliyyətini dayandırması UEFA-nın zorakılıq və təcavüzə qarşı durmaq öhdəliyini əks etdirir. “Biz müharibə bitənə və sülh qayıdana qədər bu mövqeyi qoruyub saxlamaq əzmindəyik. Lakin uşaqların yarışlarımızda iştirakını qadağan etməklə, biz nəinki onların hərtərəfli inkişafı üçün fundamental hüququnu tanıya bilmirik və dəstəkləmirik, həm də onlara qarşı birbaşa ayrı-seçkilik edirik”, – Çeferin bildirib.

Xatırlayaq ki, Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra Avropa Futbol Assosiasiyaları İttifaqı təcavüzkar ölkənin klublarını avrokuboklardan kənarlaşdırıb, həmçinin bütün yaş qruplarından olan Rusiya komandalarını beynəlxalq turnirlərdə iştirakdan kənarlaşdırıb. Bundan əvvəl UEFA prezidenti Aleksandr Çeferin bəyan etmişdi ki, Ukraynada müharibə başa çatana qədər bu qurumun himayəsi altında keçirilən turnirlərdə təcavüzkar ölkənin heç bir nümayəndəsi olmayacaq. Bununla belə, UEFA bu yaxınlarda müharibə başlayandan bəri ilk dəfə olaraq Millətlər Liqası oyununa rusiyalı hakimləri təyin etdi.

//Samir Qurbanov, Editor.az