Almaniyanın “Rheinmetall” müdafiə konserninin rəhbəri Armin Papperger hesab edir ki, Avropa İttifaqı (Aİ) ölkələri son illər müdafiə sahəsinə kifayət qədər sərmayə qoymayıb.
Onun fikrincə, ABŞ-ın onu Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlardan “çıxarmasında” Avropanın özü günahkardır. “Avropalıların və ukraynalıların anbarlarında heç nə yoxdur”, – deyə o, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Financial Times”a deyib. Papperger əmindir ki, müdafiəyə “sərmayə qoymasanız, sizə uşaq kimi davranılacaq”. “ABŞ Rusiya ilə danışıqlar aparır və heç bir avropalı masa arxasında oturmur – avropalıların “uşaq” olduğu tamamilə aydındır” – Papperger deyib.
Ukraynada münaqişə başlayandan bəri təxminən dörd dəfə artmış “Rheinmetall”ın səhmlərinin qiyməti keçən həftə ABŞ prezidenti Donald Trampın sülh danışıqları planları fonunda ucuzlaşıb. Lakin o vaxtdan bəri, “Rheinmetall” da daxil olmaqla, Avropa müdafiə şirkətlərindəki səhmlər böyüməyə qayıdıb. İnvestorlar əmin olublar ki, ABŞ-ın “Avropa təhlükəsizliyinin qarantı kimi uzunmüddətli rolundan” imtina etməsi ilə bağlı artan narahatlıqlara cavab olaraq Aİ ölkələri hərbi xərcləri əhəmiyyətli dərəcədə artırmalı olacaqlar.
//Samir Qurbanov, Editor.az