ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukraynadakı hərbi münaqişənin nizamlanması üzrə təmaslar gələn həftə Səudiyyə Ərəbistanında baş tutacaq.
Onun sözlərinə görə, görüşdə Ukraynadan da nümayəndələr iştirak edəcək. Lakin o, konkret tarix və toplantı iştirakçılarının tərkibini açıqlamayıb.
“Sabah Münhendə görüş olacaq, gələn həftə isə Səudiyyə Ərəbistanında mənimlə və ya prezident Putinlə deyil, yüksək rütbəli məmurlarla görüş olacaq. “Və Ukrayna da bunda iştirak edəcək”, – deyə Tramp Ağ Evdə jurnalistlərə bildirib.
Bir gün əvvəl Amerika prezidenti bəyan etmişdi ki, bu gün, fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin görüşü baş tutacaq. Ukrayna prezidentinin ofisi bu məlumatı təsdiqləməyib.
Donald Tramp Səudiyyə Ərəbistanında Vladimir Putinlə şəxsi görüşü də təklif edib, lakin bu görüşün tarixi və digər detalları hələlik razılaşdırılmayıb. Kreml görüşün keçiriləcəyi yer kimi Ər-Riyadın nəzərdən keçirildiyini təsdiqləyib. Səudiyyə Ərəbistanının paytaxtında tədbirə hazırlıq hələ başlamayıb.
//Samir Qurbanov, Editor.az