Ukrayna çoxdan gözlənilən əks-hücum əməliyyatlarına başladı: döyüşlər Rusiya ərazisinə keçəcək, nüvə müharibəsi…backend

Ukrayna çoxdan gözlənilən əks-hücum əməliyyatlarına başladı: döyüşlər Rusiya ərazisinə keçəcək, nüvə müharibəsi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Ofisi çoxdandır gözlənilən əks-hücum əməliyyatlarının, nəhayət, başladığını elan etdi. Bu barədə danışan prezident ofisinin müşaviri Mixaylo Podolyak deyib ki, bütün sərhəd xətti boyunca şiddətli döyüşlər gedir.

Podolyakın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə zərbə endirməyəcək: “Biz yalnız işğal olunmuş ərazilərin azad edilməsi üçün çalışırıq. Biz silahlardan Donbas və Krımda Rusiyanın mövqelərini məhv etmək üçün istifadə edirik”.

Maraqlıdır ki, M. Podolyakın bu açıqlaması Ukraynadakı 2 mühüm hadisə ilə üst-üstə düşür. Bunlardan birincisi “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin qoşunlarını Baxmutdan çıxarmasına dair fikirlər səsləndirməsidir. İkincisi isə Rusiyanın Belqorod şəhərində baş verən hadisələrdi. Düşünürəm ki, bu 3 hadisəni bir-birindən ayrı təhlil etmək olmaz.

Son zamanlar “Vaqner”lə Rusiya Müdafiə Nazirliyi arasında ziddiyətlər yaranmaqdadır. Priqojin tez-tez “Vaqner”i tənqid edir. Bunun bir sıra səbəbləri ola bilər. Fikrimcə, tərəflər arasındakı gərginliyə təsir edən əsas məsələlərdən biri də Rusiyanın Ukraynadakı uğursuzluğudur.

Y. Priqojin bu yaxınlarda Baxmutun tamamilə ələ keçirildiyini elan etmişdi. Hətta bu münasibətlə Rusiya Prezidenti Vladimir Putin Y. Priqojini təltif etmişdi. İndi isə “Vaqner” şəhərdən çıxacağını elan edir. Niyə? Görünür, “səhnə arxasında” ciddi proseslər gedir. Mümkün variantlardan biri odur ki, “Vaqner” Kreml rəhbərinə özünün rolunu və Rusiya Müdafiə Nazirliyinin əslində nəyəsə nail olmadığını göstərməyə çalışır.

Ukrayna əks-hücum əməliyyatları üçün kifayət qədər uğurlu vaxtı seçdi. Şübhəsiz ki, rəsmi Kiyevin bu qərarında müəyyən qədər ABŞ-ın da rolu var. Ağ Ev rəsmi Kiyevə həm hərbi, həm də siyasi dəstək verir. Yaxın gələcəkdə F-16 qırıcı təyyarələrinin də Ukraynaya təhvil verilməsi gözlənilir. Əlbəttə, bu, döyüş meydanındakı vəziyyəti ciddi təsir edəcək, Ukraynanın “əlini gücləndirəcək”. Hərçənd əvvəl də dediyimiz kimi, ABŞ müharibənin başa çatması üçün tələsmir. Çünki Ağ Ev hələ məqsədinə çatmayıb, Rusiyanı idarəolunan vəziyyətə salmayıb. Odur ki, Ukraynaya hərbi yardım “xəsisliklə” verilir. Ukraynadakı müharibə artıq Rusiyanın nəinki hərbi, həm də siyasi elitasında “çalxalanmalara” səbəb olur. Yəqin, bu tendensiya gələcəkdə də davam edəcək.

Düşünürəm ki, yaxın günlərdə Rusiya ordusunun, o cümlədən “Vaqner”çilərin sürətlə Baxmutdan çıxması prosesi başlayacaq. Həmçinin Krımda hərəkətlənmələr intensivləşə bilər. Ən vacibi isə, döyüşlər Rusiya ərazisinə keçəcək. Bundan sonra isə müharibənin gedişatında yeni mərhələ başlayacaq: Rusiya çətinliyi, müharibə ağrısını öz daxilində hiss etməyə başlayacaq, daxildə çaxnaşma, o cümlədən vətəndaş müharibəsi ehtimalı artacaq. Bundan başqa, həm də savaşın miqyası genişlənəcək və nüvə silahının tətbiqi ehtimalı artacaq.

//Kənan Novruzov, Editor.az