Rusiyanın əsas neft ixrac limanlarından biri olan Primorsk, Ukrayna dronlarının hücumları nəticəsində saxlama tutumunun ən azı 40%-ni itirib.
Bu, Rusiya neft daşımalarının azalmasına səbəb ola bilər. “Reuters” agentliyinin məlumatına görə, mart ayının sonlarında çəkilmiş peyk görüntüləri göstərir ki, hər biri 50.000 kubmetr tutumlu ən azı səkkiz saxlama çəni zədələnib.
Treyderlər qeyd edirlər ki, “Bu, limanın ümumi saxlama tutumunun ən azı 40%-ni təşkil edir və limanı neft daşımalarını müvafiq miqdarda azaltmağa məcbur edə bilər”. Mənbə ciddi şəkildə zədələnmiş səkkiz çəndən ikisinin dizel yanacağının saxlanması üçün istifadə edildiyini aydınlaşdırıb.
Çənlər limanların logistika zəncirində mühüm rol oynayır və onların mövcudluğu birbaşa neft ixracının həcmlərinə təsir göstərir.
Qeyd edək ki, Baltik dənizinin digər əsas limanı olan Ust-Luqa da bir neçə dəfə Ukrayna dronları tərəfindən hücuma məruz qalıb və neft ixracını dayandırmaq məcburiyyətində qalıb. Peyk görüntüləri həmçinin yanğının Ust-Luga neft terminalında hər biri 30.000 kubmetr tutumlu səkkiz neft məhsulları saxlama çəninə ziyan vurduğunu göstərib. Bu, terminalın saxlama çənlərinin təxminən dörddə birini təşkil edir. Peyk görüntüləri həmçinin bəzi körpü konstruksiyalarına da ziyan vurduğunu göstərir.
//Samir Qurbanov, Editor.az

