“Bir yandan İsrail-Fələstin münaqişəsi gərginləşməyə davam edərkən digər yandan aylardır dünya gündəmini zəbt edən Ukrayna məsələsi arxa plana keçib”.
Bu sözləri Editor.az- Rusiya-Ukrayna müharibəsi ilə bağlı şərh verərkən politoloq Züriyyə Qarayeva deyib.

Onun sözlərinə görə, Avropanın hər yerindən asılan Ukrayna bayraqları İsrail bayraqları ilə əvəzlənib:
“Baxmayaraq ki, Rusiya-Ukrayna cəbhəsində qaynar münaqişələr, Qərbdən gələn yardımlar davam edir və bunun davamı məsələsi gündəmdədir. Digər yandan Avropa ölkələri iqtisadi cəhətdən ən yaxşı illərini keçirməsələr də qarşıdan gələn qış aylarında əvvəlkindən daha bahalı qazdan istifadə edəcəklər. Gələn il ABŞ-da prezident seçkilərinin keçirilməsi və Ukraynaya yardım məsələsinin namizədlər arasında mümkün müzakirə mövzularından biri olması “Ukraynanın gələcəyini” qeyri-müəyyən edir. Rusiya qüvvələri ölkənin şərqində itirilmiş əraziləri geri almaq üçün irəlilədikcə Bayden administrasiyası Ukraynaya təcili müdafiə və humanitar yardım üçün Ukraynaya ümumilikdə 21 milyard dollarlıq yardım paketi təklif edib. Ukrayna rəsmiləri Rusiyanın irəliləməsi qarşısında mühüm kommunikasiya mərkəzi olan Kupyansk və ətraf bölgənin boşaldılmasına dair fərman imzalandığını və dərhal təxliyyələrə başlanıldığını bildirib. Səlahiyyətlilər daha əvvəl bəyan etmişdilər ki, bu təlimatlar insanların həyatını xilas etmək və Ukrayna ordusuna şəhəri Rusiyanın irəliləyişlərindən daha yaxşı müdafiə etmək imkanı vermək üçün lazımdır. Ukrayna ordusunun əks-hücumları ləngidikcə Rusiya qüvvələri Ukraynadan əvvəllər işğal etdikləri əraziləri geri almağa çalışır”.
Politoloq bildirib ki, Ukraynanın əks-hücumunun gedişatı öz xeyrinə çevirəcəyinə ümid var idi:
“Lakin sonradan Rusiya qüvvələri Ukraynanın şərqindən cənubuna qədər uzanan cəbhə xətti boyunca yerləşərək mina şəbəkələri, bunkerlər, səngərlər və tank əleyhinə maneələrdən ibarət dərin müdafiə xətləri yaratdılar. Əslində Ukrayna göstərməyə çalışır ki, irəliləyiş əldə edə bilər, lakin hər iki tərəfin sahib olduqları gücü nəzərə alsaq, 2023-cü ildə bu savaşın yekunlaşacağını ehtimal etmək çətin olar. Rusiya təslim ola bilməz, Rusiya rejimi üçün ağır nəticələrə görə itirə bilməz və Ukraynanın mübarizə əzmi tükənməyib, işğal olunmuş torpaqlardan əl çəkməyə hazır deyil. Bu, bizi 2024 və bəlkə də 2025-ci ilə aparacaq. İstənilən halda Ukrayna üçün risklər ondan ibarətdir ki, ordu faktiki dalana dirənmək üzrədir, çox-çox az ərazi qazana biliblər və bu gedişlə Qərbin tədarük etdiyi texnikanın əksəriyyəti məhv olacaq. Bu ssenari Ukraynaya davamlı maliyyələşmə ilə bağlı narazılığı artıra, Qərb üçün silah istehsalı və təchizatı baxımından problemlər yarada bilər”.
//Səbinə Hüseynli, Editor.az

