“Rusiya -Ukrayna müharibəsinin aktiv fazasının bitməsi ilə bağlı fikirləri doğru hesab etmirəm. Çünki Rusiya ordusunun aktiv hücumlarını dayandırması, mərhələli şəkildə geri çəkilməsi və ya buna məcbur edilməsi müharibənin aktiv fazasının bitməsi demək deyil. Ola bilsin ki, biz Ukrayna tərəfindən sürətli əks-hücumun şahidi ola bilərik”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.
Politoloqun sözlərinə görə, ən son Türkiyənin vasitəçiliyi ilə Rusiya-Ukrayna arasında sülh müqaviləsinin imzalanması gözlənilirdi:
“Ən azından ilkin sülh şərtləri razılaşdırılmışdı. Lakin son baş verən hadisələr xüsusilə, rus ordusunun Buçadan vurub çıxarılması, çıxarıldıqdan sonra həmin ərazidəki qətliamın görüntülərinin dünya mətbuatında yayımlanması onu deməyə əsas verir ki, artıq Ukrayna və onun arxasındakı qüvvələr sülh şərtləri ilə razılaşmırlar. Ukrayna bundan sonra özünə daha çox sərf edən şərtlər irəli sürəcək. Ona görə ki, əvvəla Rusiya qlobal aləmdə təklənib və Ukrayna müharibədə daha çox haqlı mövqe qazanıb. Artıq bir çox ölkələr Buça hadisələrinə görə rus diplomatlarını ölkələrindən çıxarırlar. Buça görüntülərindən sonra bütün dünya mediası artıq Rusiyanı Serbiya, Putini Milaşevski, Hitlerlə müqayisə edir. Ukraynaya birmənalı şəkildə dəstək nümayiş olunur. Eyni zamanda, Ukraynanın kütləvi silahlanması davam edir. ABŞ-ın Buça hadisələrini, rus diplomatlarının deportasiya məsələsini qabartması, müharibənin tezliklə bitməyəcəyi ilə bağlı verilən siqnallar onu deməyə əsas verir ki, Ukraynanın ABŞ və Qərb tərəfindən dəstəklənməsi davam edəcək”.
T. Rzayev cəbhədə də vəziyyətin getdikcə dəyişdiyini diqqətə çəkib:
” Rusiyanın baş planı tezliklə Kiyevi tutub, hakimiyyəti devirmək idi. Bunun üçün bir neçə kiçik plan var idi. İlk planda nəzərdə tutulmuşdu ki, havadan-desant qüvvələr Kiyevə salınacaq. Onlar şok effekt yaradaraq hakimiyyəti götürəcək və ölkədə çevriliş elan ediləcək. Lakin bu plan baş tutmadı. Böyük ehtimalla ABŞ-ın kəşfiyyat məlumatları Ukrayna tərəfinə ötürüldü və Ukrayna hərbiçiləri ölümünə döyüşərək Rusiyanın ilk planını puç etdi. Daha sonrakı planla Rusiya Kiyevi mühasirəyə alıb 3-4 gün ərzində orada hakimiyyət çevrilişi etməyə çalışdı. Bu zaman da ukraynalılar effektiv müdafiə taktikası izlədilər. Mühasirəni daraltmağa imkan vermədilər, Rusiyanın əsas təchizat yolunu açıq saxladılar və həmin yolla gələn texnikalar partizan hücumu nəticəsində məhv edildi. Beləliklə, Rusiya Ukraynada benzin çatışmazlığından hərəkət edə bilməyən yüzlərlə tank qoydu. Eyni şəkildə rus əsgərləri aclıqdan məcbur olub şəhərdə talançılıqla məşğul olmağa başladılar ki, bunun da sonunda hətta qadınların zorlanması, oğurluq, qətl hadisələrinin yayılmasına səbəb oldu. Beləliklə uzun müddətli mühasirənin yaratdığı çətinliklərə tab gətirə bilməyən Rusiya geri çəkildi. Buçadan da geri çəkilməsi onu deməyə əsas verir ki, Rusiya Kiyevin tutulmasından əl çəkib. Rusiya Ukraynanın cənub sahil zolağını, Donetskdan başlayaraq Odessaya qədər Qara dəniz zolağını sadəcə əlində saxlamağa çalışır. Amma cəbhədən gələn son xəbərlərə görə Mariupol qəhrəmancasına müdafiə olunur. Eyni şəkildə Xersonda da Ukrayna tərəfinin əks hücumu ilə Rusiya ordusuna məxsus mövqelərdən irəliləməsi onu deməyə əsas verir ki, bu ərazidə də Ukrayna döyüşçüləri müqavimət göstərəcəklər. Diplomatik mübarizədə olduğu kimi, savaş cəbhəsində də Rusiya müvəffəqiyyətsizliyə məruz qalarsa, o zaman biz mübaribənin aktiv fazasının böyüməsinin şahidi ola bilərik. Passiv fazada isə sülh danışıqları sonsuza qədər uzana bilər. Çünki artıq Ukrayna heç bir halda əvvəl razı olduğu şərtləri yenidən qəbul etməyəcək. Çünki həm beynəlxalq ictimai rəy, həm qlobal siyasi vəziyyət, həm də hərbi-iqtisadi durum Ukraynanın xeyrinə dəyişir”.
//Gülnarə Abasova, Editor.az

