Ukrayna MDB məkanında imzalanmış 200-dən çox beynəlxalq müqavilənin iştirakçısı olaraq qalır.
Editor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. “MDB İcraiyyə Komitəsinin məlumatına görə, bu gün Ukrayna Birlik çərçivəsində imzalanmış 200-dən çox beynəlxalq müqavilənin iştirakçısı olaraq qalır. Bunlar əsasən sosial, humanitar, kommersiya və iqtisadi xarakterli və Kiyev hakimiyyəti üçün praktiki maraq doğuran sənədlərdir”,- Zaxarova deyib.
Diplomatın sözlərinə görə, bu sənədlərə, məsələn, 18 oktyabr 2011-ci il tarixli azad ticarət zonası haqqında saziş daxildir. İyulun 5-də Ukrayna MDB-yə üzv dövlətlərin ərazisindən tranzit keçid proseduru haqqında Müstəqil Dövlətlər Birliyinin sazişindən çıxmaq barədə qərar qəbul edib. Bu müqavilə 1999-cu ildə Minskdə imzalanıb. Ukrayna rəsmiləri bunu 2001-ci ilin fevralında təsdiqləyiblər.
//Gülnarə Abasova, Editor.az