Ukrayna meydanda tək qaldı?- NATO və Amerika birbaşa olaraq müharibədən boyun qaçırırbackend

Ukrayna meydanda tək qaldı?- NATO və Amerika müharibədən boyun qaçırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski son müsahibələrinin birində bildirib ki, artıq NATO- ya üzvlük məsələsinə isti baxmır. Çünki hadisələrin gedişatından belə görünür ki, NATO Ukraynanı öz sıralarına qəbul etmək istəmir, Rusiya ilə konfliktdən yayınır.

Məsələ ilə bağlı Editor.az-a danışan politoloq İlyas Hüseynov bildirib ki, NATO-ya üzvlük məsələsi ilə bağlı Zelenskinin fikirlərində bütün baş verən proseslərin gedişatı açıq-aydın şəkildə özünü göstərir:

” Hal- hazırkı proseslərdə Ukraynanın  ərazi bütövlüyü pozulub. Krım qondarma Donetsk və Luqansk rejimlərinin Rusiya tərəfindən tanınması, ardından hərbi müdaxilə və digər faktlar Ukraynanın NATO-ya qəbul olunma prosesini bir qədər də çətinləşdirir. Çünki hazırkı vəziyyətdə NATO ilə Ukrayna arasında üzvlük haqqında müqavilə imzalansa bu tərəflərin müharibəyə başlaması deməkdir. Ona görə də NATO və Amerika birbaşa olaraq müharibədə iştirak etməkdən boyun qaçırır və belə demək mümkündürsə, Ukraynanı meydanda tək qoyur. Maraqlı olan məqam odur ki, Avropa İttifaqına üzvlüklə bağlı Ukraynanın müraciətindən sonra Gürcüstan və Moldova da müraciət etdilər. Sanki Ukraynanın bu addımı onları ürəkləndirdi. Lakin Avropa İttifaqına üzv dövlətlər Ukrayna, Gürcüstan və Moldovanın müraciətlərinə isti baxmır. Hərbi-siyasi koalisiya adlandırılan NATO çərçivəsində isə bu dövlətlərin üzv kimi qəbul olunması Rusiya ilə NATO-nu üz-üzə qoyacaq. Alyansın əsas məqsədi Rusiya ilə mümkün konfliktlərdən qaçmaq və uzaqdan Ukraynanı dəstəkləməkdən ibarətdir. Bu mövqe dünya tərəfindən də diqqətlə izlənir”.

İ. Hüseynov qeyd edib ki, Ukrayna-Rusiya hadisələri fonunda Qərbin həyata keçirdiyi  bu siyasət digər avrointeqrasiyada iştirak etmək istəyən dövlətləri də ehtiyatlandırır:

“Həmin ölkələr mövcud münasibətlərə ehtiyatla yanaşırlar. Ona görə də  NATO-nun bu davranışları daha çox Ukraynaya kənardan dəstək verməyə hesablanıb. Avropa İttifaqına üzv ölkələr Ukraynaya yalnız müdafiə silahları göndərir, muzdluların Ukrayna ərazisinə cəlb edilməsi prosesi gedir. Eyni zamanda, bu proseslər ikili standartların da bir nümunəsidir. Ona görə ki Aİ və NATO dəfələrlə dövlətlərin silahladırılmasına qarşı çıxıb lakin buna baxmayaraq hal- hazırda Ukrayna tərəfi silahlandırılır, müdafiəsini gücləndirirlər. Zelenskinin isə çıxışı rasional mövqedən xəbər verir. NATO-nun mümkün olduğu qədər Rusiyanın maraqlarının təmsil olunduğu ölkələri üzv kimi qəbul etməmək, ərazi bütövlüyü pozulmuş ölkələri NATO-ya daxil etməmə yanaşması birbaşa olaraq Rusiyanın aqressiv siyasəti və hərbi müdaxiləsi ilə bağlıdır. Bu baxımdan NATO ehtiyatlı davranaraq gələcək fəsadları nəzərdən keçirir, nüvə müharibəsi təhlükəsi riskini gözə alaraq bu cür siyasət yürüdür”.

//Gülnarə Abasova, Editor.az