“Ukrayna müharibəsində atəşkəs əldə olunmasa, Trampın bu niyyəti də həyata keçməyə bilər”- ŞƏRHbackend

“Ukrayna müharibəsində atəşkəs əldə olunmasa, Trampın bu niyyəti də həyata keçməyə bilər”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Həqiqətən Rusiya-Ukrayna cəbhəsində çox maraqlı vəziyyət yaranıb. Dünya ictimaiyyəti və maraqlı dövlətlər Trampın yenidən seçilməsini böyük səbirsizliklə gözləyirdilər. Axı o, prezident seçilərsə müharibəni çox qısa müddətdə dayandıracağına söz vermişdi. Hətta bir günə… Tramp yenidən seçildi. Amma müharibə davam edir. İndi Trampın rəsmən prezidentlik fəaliyyətinə başlamağı gözləmək lazım gələcək”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Politoloq bildirib ki, heç kim Donald Trampı seçkiqabağı kampaniya zamanı verdiyi vədləri fəaliyyətə başlamadan həyata keçirmədiyinə görə tənqid edə bilməz:

“Deməli, yanvar ayına qədər gözləmək lazım gələcək. Ona qədər yenidən seçilmiş prezident komandasını müəyyən edər və seçki kompaniyası zamanı verdiyi ən böyük vədini həyata keçirmək haqqında müəyyən layihə hazırlayar. Trampın verdiyi vədin nə qədər real olmasına şübhə ilə yanaşanların sayı artmaqdadır. Çünki o, müharibəni Rusiyanın mənafeyini qorumaqla bitirməyi nəzərdə tutur ki, bu da dünya ictimaiyyəti və Avropa ölkələri tərəfindən qəti şəkildə qəbul olunmazdır. Əgər müharibə Rusiyanın üstünlüyü və onun qazandığı uğurları möhkəmlətmək yolu ilə bitəcəksə bu qədər qan tökülməsi və Ukraynanın tamamilə darmadağın edilməsi nəyə lazım idi?”.

Ə.İbrahimovun sözlərinə görə, Tramp verdiyi vədi yerinə yetirməsə, müharibəni bu şəkildə davam etdirmək də olduqca çətin olacaq:

“Çünki Ukraynanı silah, sursat və maliyyə ilə dəstəkləmək getdikcə çətinləşir. Məhz buna görə də Trampın yaxın günlərdə odla su arasında qalacağı daha qabarıq şəkildə ortaya çıxacaq. Digər tərəfdən Bayden administrasiyasına prioritet Rusiya-Ukrayna müharibəsi idisə, Tramp dövründə Yaxın Şərq daha önəmli olacaq. Tramp İsrailə hərbi dəstəyi artırmağı Ukraynadan daha vacib sayır. Ukrayna müharibəsində atəşkəs əldə olunmasa, onun bu niyyəti də həyata keçməyə qala bilər”.

//Gülnarə Abasova, Editor.az