Ukrayna silahlı qüvvələri Xerson vilayətinin sol sahilində dayaq nöqtəsi yaradıb.
Editor.az bildirir ki, bu barədə noyabrın 17-də Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin Dəniz Piyadaları Korpusunun mətbuat mərkəzi məlumat yayıb.
“Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzünün dəf edilməsi üçün əvvəlcədən planlaşdırılan tədbirlər nəticəsində Ukrayna müdafiə qüvvələri Dnepr çayının sol sahilində Xerson istiqamətində bir sıra uğurlu əməliyyatlar həyata keçiriblər. Ukrayna dəniz piyadalarının peşəkarlığı, müdafiə qüvvələrinin digər bölmələri ilə əməkdaşlıq edərək, bir neçə körpü başlıqlarında möhkəmlənməyə nail olublar”, – mesajda deyilir. Mətbuat mərkəzində döyüşlər zamanı rus işğalçılarının canlı qüvvə və texnikada böyük itki verdiyi vurğulanıb.
Xüsusilə, Dnepr çayının sol sahilində hadisələr başlayandan düşmənin itkiləri belədir: şəxsi heyət – 1216 ölü və 2217 yaralı, 24 tank, 89 artilleriya sistemi və minaatan, 135 ədəd müxtəlif avtomobil texnikası, 48 zirehli döyüş maşını, zirehli personal daşıyıcıları və piyada döyüş maşınları, 14 su gəmisi, 15 xüsusi texnika, dörd komanda məntəqəsi, 29 sursat anbarı – həm səhra, həm də stasionar.
Bundan əlavə, Dəniz Piyadaları Korpusunun birləşmiş elektron döyüş bölməsi 135 FPV pilotsuz uçuş aparatını və beş əməliyyat-taktiki PUA-nı da zərərsizləşdirib. Ukrayna dəniz piyadaları cəbhənin bu hissəsində düşmən mövqelərinə zərbələr endirməkdə və “düşməni məhv etmək məqsədilə əməliyyatlar həyata keçirməkdə” davam edir.
//Samir Qurbanov, Editor.az

