Ukrayna prezidenti ilk variantını rədd etdiyi sazişi imzalamaq üçün ABŞ-a səfərə hazırlaşır: “Başqa yolu yoxdur”backend

Ukrayna prezidenti ilk variantını rədd etdiyi sazişi imzalamaq üçün ABŞ-a səfərə hazırlaşır: “Başqa yolu yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a səfər edəcəyi və ABŞ prezidenti Donald Trampla görüşəcəyi tarix artıq məlumdur. Fevral ayının 28-i Zelenskini Vaşinqtonda qarşılamağa hazırlaşırlar. Səfərin əsas məqsədinin Ukraynanın mineral ehtiyatlarla bağlı ABŞ-la sazişi imzalamaq olması heç kimdə şübhə doğurmur. Məlum olduğu kimi Zelenski Ağ evin təqdim etdiyi sazişin ilk variantını imzalamaqdan imtina etmişdi. Səbəb kimi bu sazişdə Ukraynanın tələblərinin tam təmin edilməməsi göstərilirdi. Amma sonradan Kiyevin istəyinə uyğun dəyişiklik edildi, Zelenski ilə zəruri danışıqlar aparıldı. Nəticə özünü çox gözlətmədi”.

Bunu Editor.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Onun sözlərinə görə, Ukrayna prezidenti ilk variantını rədd etdiyi sazişi imzalamaq üçün ABŞ-a səfər etməyə hazırlaşır:

“Əslində Zelenskinin sazişi imzalamaq istəməməsinin səbəbi Avropa İttifaqının Amerikaga təqdim etdiyi atəşkəs planı ilə razı olmaması və Zelenskini geri çəkilməyə çağırması idi. Avropalılar bir neçə raund görüş keçirdikdən sonra Ukraynaya Amerikasız real yardım etmək imkanında olmadıqlarını başa düşdülər. Zelenski də Aİ-yə ümid bağlamağın yersiz olduğunu dərk etdi. Belə olan halda bütün ümidlə Trampın üzərində cəmləşdi. Tramp da “Amerika birinci” şüarını üstün tutaraq ilk növbədə Amerikanın iqtisadi mənafeyini önə çəkdi. Beləliklə sazişdə Ukraynanın mənafeyinə uyğun düzəliş edildiyini təsdiq etmək sadəcə Zelenskinin geri dönüşünü əsaslandırmaqdan başqa bir şey deyil.

Beləliklə Zelenskinin Amerikaya səfər edərək Trampın təqdim etdiyi sazişi imzalamaqdan başqa çıxış yolu yoxdur. O ya sazişi imzalayıb Ukraynanın müəyyən hissəsini saxlayaraq dövlətçiliyi qorumalı, ya da geri qalan torpaqların da Rusiya tərəfindən işğalına razı olmalıdır. Zelenski iki pisdən yaxşısını seçmiş kimi görünür. Amerikaya ümidlər hələ ölməyib”.

//Gülnarə Abasova, Editor.az