“Ukraynanın Kurska hücumu gözlənilməz oldu və bu fakt bir sıra konspirativ nəzəriyyələrin də meydana çıxmasına səbəb olur. Hər zaman olacaqları öncədən bilən biriləri mütləq olur. Bu hücumu da bilənlərin Rusiya tərəfindən olması istehza doğurur. Rusiya Kurska hücumu bildiyi halda niyə bunun qarşısını almağa çalışmasın?”.
Bu fikirləri politoloq Azər Qasımov Editor.az-a Rusiya kəşfiyyatının Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə gözlənilən hücumu barədə iki həftə öncədən məlumatlı olub, lakin ölkənin hərbi rəhbərliyinin bu məlumatlara məhəl qoymaması barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, heç bir dövlət öz torpağına hücumdan hansısa dividentlər qazanmaq barədə düşünə bilməz:
“Deyilən kimi olsa belə, Rusiyanın öz imicini itirməsi bahasına Ukraynaya hansısa uğurlar müqabilində nəsə qazanacağı fikri absurddur.Təbii ki, burada bir sıra nüanslar ola bilər. Amma hər hansı bir ordunun digər ölkəyə hücum etməsini gizlətmək mümkün iş deyil. Rusiya tərəfindən bu məsələ barədə ancaq səriştəsizlik və ya saymazyana yanaşma demək olar. Ukrayna ordusu qəfil hücumla əhəmiyyətli uğur əldə edə bilib. Amma daha çox irəli gedəcəyi hesab etmirəm”.
//Gülnarə Abasova, Editor.az