Ukrayna rəsmi Ankaranı ikilistandartlarda qınayır: “Zelenskinin bu açıqlamasını şişirtməyə gərək  yoxdur, çünki…”backend

Ukrayna rəsmi Ankaranı ikili standartlarda qınayır: “Zelenskinin bu açıqlamasını şişirtməyə gərək yoxdur, çünki…” 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski Yunanıstan ilə yanaşı, Türkiyə rəhbərliyini də rus turistlərini ölkəyə buraxdıqlarına görə tənqid edib.  Onun fikrincə, əgər Ankara Ukrayna ilə dost olmaq istəyirsə, rus turistlərinin qəbulunu dayandırmalıdır. Nə qədər qəribə də olsa, prezident Volodimir Zelenski rəsmi Ankaranı ikilistandartlarda qınayır: “Türkiyə bir tərəfdən vasitəçi statusunda çıxış edir, atdığı önəmli addımlar ilə Ukraynanı dəstəkləyir. Digər tərəfdən isə rus turizmi üçün eyni vaxtda bir neçə marşrut hazırlayır. Bu, ikilistandartlardır və ədalətli deyil. Ona görə də, mən bu ziddiyyətləri Türkiyənin diqqətinə çatdırmaq istəyirəm. Belə ola bilməz. Həqiqətin yanında və ya qarşısında olmaqla bağlı seçim etmək lazımdır”.

Zelenskinin açıqlamasını Editor.az-a dəyərləndirən politoloq Oqtay Qasımov bildirib ki, Ukrayna Prezidentinin Yunanıstan televiziyasına verdiyi müsahibədə Türkiyənin rus turistlərini qəbul etməsi ilə bağlı tənqidi fikirləri müəyyən suallar doğurur:

“Dünən “Millliyətçi Hərəkat Partiyası”nın sədri Dövlət Baxçalı bildirib ki, bu tip açıqlama Türkiyənin birbaşa özünə verilməlidir. Yəni, hansısa dövlət televiziyası üzərindən belə bir məsələyə münasibət bildirmək doğru deyil. Son illər Türkiyə-Ukrayna arasında çox ciddi strateji münasibətlər formalaşıb. İki ölkə arasında 60-ya yaxın anlaşmalar mövcuddur və bunların da mütləq əksəriyyəti Müdafiə Sənayesi sahəsinə aiddir. Bu baxımdan Ukrayna və Türkiyəni çox ciddi siyasi- iqtisadi əlaqələr, geopolitik münasibətlər birləşdirir. Bütün bunların fonunda Zelenskinin bu açıqlaması ədalətsiz sayılır. Türkiyə 2014-cü ildən indiyə qədər Ukraynanın ərazi bütövlüyünü dəstəkləyərək konkret olaraq Donbass və Krımın Rusiya tərəfindən işğalını birmənalı şəkildə qınayıb. Türkiyənin Rusiya ilə münasibətləri yüksək səviyyədə olsa da rəsmi Ankara beynəlxalq hüquqa sadiq qalaraq ölkələrin ərazi bütövlüyü, suverenliyi prinsiplərindən heç bir güzəşt vermədən Ukraynanının suverenliyini dəstəkləyib. Ukrayna Ordusunun bu gün əldə etdiyi uğurlarda Türkiyədən aldığı “Bayraktar TB2″lərin, digər silah-sursatların da rolunu diqqətə çəkmək lazımdır”.

Politoloqun sözlərinə görə, Zelenskinin Türkiyə ilə bağlı tənqidi açıqlamasına səbəb Ukraynada 2 aydır baş verən dəhşətli müharibənin psixoloji təsirləridir:

” Ukraynadakı hadisələr həm Ukrayna xalqına, həm də Prezidentinə kifayət qədər emosional təsir edir. Ümumiyyətlə, Zelenskinin dünya dövlətlərinə, parlamentlərinə müraciətləri zamanı bir çox ölkələrin müharibə ilə bağlı mövqelərinə qarşı ciddi tənqidi  fikirlər səsləndirdiyinin şahidi olmuşuq. Rus turistlərin Türkiyəyə getməsi Rusiyanı gücləndirən yox, əksinə zəiflədən amildir. Çünki Türkiyəyə istirahətə gələn turistlər ora hökmən valyuta gətirməlidir. Bu da o  deməkdir ki, Rusiyadan dollar və avro çıxır, bu da Rusiya iqtisadiyyatına əslində mənfi təsir göstərir. Hesab edirəm ki, bu açıqlamanın şişirdilməsinə gərək  yoxdur. Çünki Türkiyə-Ukrayna münasibətləri qaydasındadır, belə də davam edəcək. Türkiyə savaş başlanan gündən hər  iki ölkə ilə  münasibətlərini saxlamaq şərtilə onları danışıqlar masası  ətrafına gətirməyə çalışır və bu istiqamətdə də ciddi addımlar atılıb. İstənilən bir ölkə belə hallarda hər zaman öz milli, dövlət maraqlarını rəhbər tutaraq qərarlar verir. Türkiyə də öz milli maraqları çərçivəsində məsələlərə münasibət bildirsə də birmənalı şəkildə bir çox dövlətlərdən fərqli olaraq Ukrayna ilə arasındakı anlaşmalara sadiq qalıb, humanitar yardımlar edib. Zelenskinin bu tipli açıqlamasını savaşın dəhşətli mənzərəsinin ağırlığının nəticəsində söylənən fikir kimi qəbul etmək lazımdır”.

//Gülnarə Abasova, Editor.az