Ukrayna rəsmiləri Rusiya qüvvələrinin ölkədə qadınlara təcavüz etdiyinə dair xəbərləri və iddiaları araşdırdıqlarını açıqlayıb.
Editor.az xəbər verir ki, Kiyevdə BBC müxbiri Yogita Limaye ilə danışan bəzi ukraynalı qadınlar işğalçı rus əsgərlərinin onlara təcavüz etdiyini bildirib.
Ukraynanın İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova bildirib ki, təkcə paytaxt Kiyev yaxınlığında Buçadakı evin zirzəmisində 25-ə yaxın qız və qadın dəfələrlə zorlanıb.
“Lakin insanlar başlarına gələnləri söyləməkdə tərəddüd etdiyi üçün seksual xarakterli cinayətlərin miqyasını müəyyən etmək hələ də mümkün deyil”, – Denisova əlavə edib.
Ukraynada yerləşən insan haqları təşkilatı La Strada-Ukraine rus əsgərlərini təcavüzdən müharibə silahı kimi istifadə etməkdə ittiham edib.
Təşkilatın rəsmilərindən olan Katerina Çerepaxa bir çox insanın onlara telefonla zəng edərək rus əsgərlərini zorlamada ittiham etdiyini bildirib.
Rusiya isə əsgərlərinə qarşı zorlama ittihamlarını rədd edir. Ukrayna BMT-dən Rusiya prezidenti Vladimir Putini müxtəlif hərbi cinayətlər, o cümlədən zorlama iddialarına görə mühakimə etmək üçün xüsusi tribunal yaratmasını istəyir.
//Gülnarə Abasova, Editor.az

