Xəbər verdiyimiz kimi, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətinin Sudja rayonunun Nikolayevo-Daryino, Daryino və Sverdlikovo yaşayış məntəqələrini nəzarətə götürüb. Bildirilib ki, Ukrayna ordusunun bölmələri Kursk vilayəti Sudja-Qonçarovka rayonunun qərb ətrafına doğru hərəkət edərək 38K-004 magistral yolu boyunca nəzarət zonasını genişləndirə bilib.
Məsələ ilə bağlı Editor.az-a açıqlamasında siyasi analitik Kənan Novruzov bildirib ki, Ukraynanın Rusiya ərazisinə girməsi və Kursk vilayətində bir neçə kəndi nəzarətə götürməsi onun üçün böyük hərbi nailiyyət, taktiki uğur sayılsa da strateji uğur sayılmır:
“Bu hələ müharibə ilə bağlı tale yüklü məsələ deyil. Bu o demək deyil ki, artıq vəziyyət Ukraynanın xeyrinə dəyişib. Hesab edirəm ki, Ukrayna həmin ərazilərdə çox qala bilməyəcək. Bu, daha çox Rusiya xalqı və hərbi-siyasi elitasına psixoloji təzyiq vasitəsidir. Əgər Ukrayna orada qala bilərsə, Rusiya xalqında hakimiyyət əleyhinə müəyyən fikir formalaşa bilər. İndiyə kimi Rusiya müharibənin yükünü hiss etmirdi, ancaq indi hiss etməyə başlayacaq. Diqqət çəkən məqam ondan ibarətdir ki, hadisə “F-16″ təyyarələrinin Ukraynaya tədarükündən sonra baş verdi. Əgər bu nailiyyət F-16 qırıcıları ilə bağlıdırsa, növbəti dəfələrdə biz Ukraynanın daha böyük uğurlarının şahidi ola bilərik. Rusiyanın imkanları isə hərbi təxnika və şəxsi heyət baxımından getdikcə azalır. Ancaq bu da o demək deyil ki, müharibənin nəticəsi Ukraynanın xeyrinə dəyişib. Hesab edirəm ki, artıq indidən hər iki ölkə müharibədə məğlub olub”.
//Gülnarə Abasova, Editor.az