“Ukrayna Rusiyanın “məğlubedilməzlik” imicini məhv etdi”- ŞƏRHbackend

“Ukrayna Rusiyanın “məğlubedilməzlik” imicini məhv etdi”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna ordusunun Kurska hücumunun məntiqi olmadığı əvvəlcədən bildirilib. Məsələ ondadır ki, Rusiya ərazisinin kiçik bir hissəsini ələ keçirtmək heç nəyi dəyişmir. Bunun məntiqi olardı ki, hansısa bir ordu Rusiya ərazilərinə tamamı ilə sahib olsun. Bu da mümkünsüz işdir. Rusiya ərazisinin böyüklüyü özü bir silahdır”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, strateji dərinliyi olan bir ölkəni ələ keçirmək çətin və külli miqdarda vəsait, hərbi qüvvə tələb edən işdir:

“Buna hər ölkənin gücü çatmaz, xüsusən də Ukraynanın. Təbii ki, Rusiya Kurskda yaşadıqları ilə çox böyük imic itkisi yaşadı, həmçinin Putin. Amma bu hücumun nəticəsiz olacağı durumunda Rusiya taktiki qələbə qazanacaq. Bir sözlə, Rusiyanın Ukraynanın Kurska hücumuna ciddi baş qoşmaması, Putinin bu hadisəyə baxmadan müxtəlif ölkələrə, o cümlədən, Azərbaycana səfər etməsi nəticə etibarilə Rusiyanın strateji düşünmə qabiliyyətinin güclü olduğunu isbat edəcək. Çünki Rusiya tarixən belə işğallara çox məruz qalıb və buna hansı reaksiyanı göstərməyi öyrənib deyə düşünüləcək.

Qərbdən Kursk əməliyyatına artıq ümidsiz yanaşılması da onların strateji düşünmə qabiliyyətindən asılıdır. Qərb, xüsusən də ABŞ keçirdiyi hücum əməliyyatlarını, məsələn, İrakda, Əfqanıstanda qısa müddətdə nəticə ilə başa çatdırmışdı. İndi alınan bu durum onlarda pessimist əhval-ruhiyyə yaradır. Amma bunlara baxmayaraq hesab edirəm ki, hələ heç nə itirilməyib. Ukrayna ən azı Rusiyanın məğlubedilməzlik imicini məhv edib. Rusiya ərazisinə hücum edilərsə, Rusiya nüvə silahı işlədər stereotipini də sındırıb. Rusiya ilə müharibəni zamana yaymaqla onu tükətmək taktikası doğru addımdır. Təbii ki, Ukrayna da tükənir, amma Qərb artıq daha ciddi addımlar atmaqla Rusiyanı çəkindirməyin yollarını tapmalıdır. Məsələn, Ukraynaya daha ciddi silahlar və kütləvi sayda verməklə buna nail olmaq olar”.

//Gülnarə Abasova, Editor.az