“Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfər edəcəyi gözlənilən idi”.
Bu sözləri Editor.az-a açıqlamasında siyasi şərhçi Amid Əliyev deyib.

Ekspert hesab edir ki, müharibənin hazırki mərhələsində Ukraynanın güclü dəstəyə ehtiyacı yaranıb. Qərb isə əksinə gözlənilən köməkliyi göstərmək istəmir:
“Son zamanlar ABŞ rəsmiləri müharibənin dayandırılması və sülhün əldə edilməsi istiqamətində çağırışlar etməyə başlayıblar. Bu da öz növbəsində ərazilərini itirmiş və darmadağın edilmiş Ukrayna üçün qəbul edilməzdir. Ukrayna prezidenti hər zaman çıxışlarında müharibəni axra qədər davam etdirəcəklərini bildirib. Lakin maliyyə yardımının kəsilməsi və silah-sursatın göndərilməməsi artıq Ukrayna rəhbərliyini demək olar ki, tam şəkildə narahat edib. Ona görə də Ukrayna siyasi steblişmenti yeni yardımların əldə edilməsi və tərəfdaşlarını inandırmaq üçün ABŞ səfərini təşkil edib. Səfər həm də ona görə lazımdır ki, məhz ABŞ dünya dövlətlərinin, xüsusilə də Avropanın bu müharibəyə qoşulması və yardımlar göstərməsinə dair bəyanatlar verirdi. İndi isə vəziyyət tamamilə dəyişib. Hətta, Konqres son iclasda Ukraynaya maddi yardımın verilməsinə qarşı vetodan da istifadə etdi. ABŞ prezidenti belə müharibənin dayandırılmasının tərəfdarı olduğunu bildirib. Bütün bu qeyd olunanlar isə Ukrayna üçün olduqca təhlükəlidir”.
Amid Əliyevin sözlərinə görə, indiki məqamda bütün maddi və millitar yardımların dayandırılması məhz Qərb və Rusiyanın istəyinə uyğun sülh müqaviləsinin imzalanmasına hesablanıb:
“Belə ki, onsuz da Ukraynanın əraziləri itirilib, maddi-texniki bazası məhv edilib, iqtisadiyyatı bərbad vəziyyətə düşüb, çoxlu sayda əsgər və mülki itkisi var. Bunların qarşısında indiki məqamda müharibənin dayandırılması Rusiyanın qələbəsi Ukraynanın isə tam məğlub olması deməkdir. Bunun ardınca isə Ukraynaya məcburi şəkildə Qərb və Rusiya tərəfindən biçilmiş sülh sazişi imzalatdırılacaq.
Artıq Ukrayna prezidenti ABŞ- ın müdafiə naziri və baş generaliteti ilə görüşlər keçirib. Yaxın günlərdə ABŞ tərəfindən müharibənin aparılmasına dəstək bəyanatları səslənməsə bu Ukrayna üçün fatal sonluq deməkdir. Əks təqdirdə onda müharibənin ən azından 2024-cü ilin yayına qədər davam edəcəyini proqnozlaşdırmaq olar. Hər bir halda ABŞ bu müharibədə Rusiyanın qalib olmasını istəmir, lakin maddi vəsaitləri də Ukraynaya peşkəş eləmək fikrində deyil. Görünən oddur ki, ABŞ özü də fikirlərində tam yəqinliyə hələ ki varmayıb. Digər tərəfdən də yaxın Şərqdəki vəziyyət ABŞ müttəfiqi olan İsrail üçün də arzuolunan deyil. Beləliklə, iki od arasında qalan ABŞ bir odu söndürmək məcburiyyətində qalacaq. Bu isə geniş anlamda Ukraynanın həm masada, həm də yerdə məğlubiyyəti deməkdir”.
//Qasım Məmmədli, Editor.az

